Pentaqon “SpaceX” ilə 4 milyard dollarlıq müqavilə imzalayıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Kosmik Qüvvələri hava hədəflərinin kosmosdan izlənməsi və
müşayiəti üçün nəzərdə tutulan peyk qrupunun yaradılması məqsədilə “SpaceX” şirkəti ilə 4,16 milyard dollar dəyərində müqavilə
bağlayıb.

Trend xəbər verir ki,
bu barədə ABŞ Kosmik Qüvvələrinin mətbuat xidməti məlumat
yayıb.

Bildirilib ki, yeni peyk sistemi Milli Hərbi Kosmik Kəşfiyyat
İdarəsinin iştirakı ilə həyata keçirilən “Kosmik Bazalı Hava
Hərəkətli Hədəf Göstəricisi” proqramı çərçivəsində
formalaşdırılacaq.




Rəsmi açıqlamaya əsasən, orbital aparat qrupu mövcud hava
müşahidə imkanlarını tamamlayacaq və indiyədək yerüstü radar
sistemləri, eləcə də uzaq məsafədən radiolokasiya aşkarlama
təyyarələrinin yerinə yetirdiyi bir sıra funksiyaları icra
edəcək.

Müqaviləyə görə, “SpaceX” peyklərin orbitə çıxarılmasını 2028-ci
ilə qədər başa çatdırmalıdır. Bununla yanaşı, layihə çərçivəsində
neçə peykin yerləşdiriləcəyi açıqlanmayıb.

Məlumata görə, həmin peyklər gələcəkdə “Qızıl günbəz” raketdən
müdafiə sistemi proqramı çərçivəsində raket buraxılışlarının
aşkarlanması və izlənməsi üçün də istifadə edilə bilər.