
Bakı. Trend:
Meta Platforms süni intellekt və məlumat mərkəzi ehtiyaclarını
ödəmək üçün ABŞ-da 20 illik nüvə enerjisi müqavilələri
bağlayıb.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, şirkət Ohayo və Pensilvaniya
ştatlarındakı üç Vistra nüvə stansiyasından elektrik alacaq,
həmçinin Oklo və TerraPower ilə kiçik modul reaktorların inkişafı
üzrə əməkdaşlıq edəcək.
Bu razılaşmalar 2035-ci ilə qədər Meta-ya ümumilikdə 6,6
giqavatt enerji təmin etməyi hədəfləyir. Vistra-nın Perry,
Davis-Besse və Beaver Valley zavodlarından alınacaq enerji, həm
stansiyaların genişləndirilməsi, həm də fəaliyyət müddətlərinin
2047-ci ilə qədər uzadılması üçün istifadə ediləcək.
Meta-nın TerraPower və Oklo ilə tərəfdaşlığı yeni nüvə
texnologiyalarının tətbiqinə yönəlib. TerraPower 2035-ci ilə qədər
690 meqavatlıq səkkiz modul reaktor, Oklo isə 2030-cu ilə qədər
Ohayoda 1,2 giqavatt güc hasil etməyi planlaşdırır.


