
Bakı. Trend:
30 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının
Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 19 elmi
sahə üzrə elmi dərəcə və elmi ad almış 66 iddiaçıya diplomlar və
attestatlar, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin
nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim
edilməsi ilə bağlı tədbir keçirilib.
Trend xəbər
verir ki, bu barədə Prezident yanında Ali Attestasiya Komissiyası
məlumat yayıb.
Bildirilib ki, fizika, kimya, biologiya elmləri, yer elmləri,
aqrar elmlər, tibb elmləri, texnika elmləri, iqtisad elmləri,
coğrafiya, tarix, hüquq elmləri, filologiya elmləri, pedaqogika,
siyasi elmlər, psixologiya və sənətşünaslıq üzrə fəlsəfə doktoru
dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə
verilmiş 42 iddiaçıya fəlsəfə doktoru, 11 iddiaçıya elmlər doktoru
diplomları təqdim olunub.
Həmçinin xarici ölkələrin ali təhsil müəssisələrində elmi dərəcə
almış 12 nəfərə nostrifikasiya şəhadətnaməsi təqdim edilib. Eyni
zamanda 1 nəfərə professor attestatı təqdim olunub.
Kimya elmi sahəsində “Qeyri-üzvi kimya”, biologiya sahəsində
“Genetika”, hüquq elmləri sahəsində “Cinayət prosesi,
kriminalistika və məhkəmə ekspertizası”, riyaziyyat sahəsində
“Analiz və funksional analiz”, “Bərk cisimlər fizikası”,
“Deformasiyaya uğramış bərk cisim mexanikası”, tarix sahəsində
“Vətən tarixi” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor
attestatları təqdim edilib.


