
Bakı. Trend:
2025-ci il üzrə iqtisadiyyatın müxtəlif sektorlarında çalışan ən
fəal sahibkarlar mükafatlandırılır.
Trend xəbər verir ki,
İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Güc biznesindir”
devizi ilə “Dayaq” mükafatının təqdim olunması mərasimi
keçirilir.
Tədbirdə 300-dən çox iş adamı, startap, biznes assosiasiyaların
nümayəndələri, millət vəkilləri və dövlət qurumlarının
nümayəndələri iştirak edir.
Tədbir çərçivəsində rəsmi şəxslərin çıxşları, “2026: KOB-ların
çağırışı” mövzusunda panel müzakirə, 2025-ci ildə uğur qazanmış 17
sahibkarlıq subyektinə “Dayaq” mükafatları təqdim edilməsi nəzərdə
turulur.
Qeyd edək ki, sahibkarların ölkə iqtisadiyyatına verdiyi töhfə
nəzərə alınaraq, artıq 4 ildir ki, biznes nümayəndələrinə “Dayaq”
mükafatı təqdim edilir. KOBİA tərəfindən 2022-ci ildə təsis edilmiş
“Dayaq” mükafatının məqsədi iqtisadiyyatın dayağı olan
sahibkarların uğurlarının cəmiyyətə daha geniş tanıdılması, biznes
düşüncə tərzinin təşviqi və dövlət-özəl sektor arasında
əməkdaşlığın daha da möhkəmləndirilməsidir. Bu mükafat
sahibkarların dayanıqlı inkişaf, innovativ yanaşma və sosial
məsuliyyət sahəsində yaratdığı dəyəri cəmiyyətə tanıdır. “Dayaq”
mükafatı yalnız sahibkarlara təşəkkür deyil, həm də biznesin yeni
təşəbbüslərə və daha böyük hədəflərə doğru addımlaması üçün çağırış
və dövlətin daima sahibkarın yanında olmasının göstəricisidir.
Xəbər yenilənəcək

