Distant iş zamanı əməyin necə mühafizə olunacağı məsələsinə aydınlıq gətirilib

Baş səhifə

Bakı. Trend:

Sağlamlığın qorunmasına görə əsas məsuliyyət işəgötürənin
üzərində qalacaq.

Trend xəbər
verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Rəşad Mustafayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin
bugünkü iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə
qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir müavini vurğulayıb ki, bu məsuliyyət işəgötürənin nəzarət
edə bildiyi sahələrlə məhdudlaşır:

“Yəni işəgötürən distant iş zamanı yalnız təqdim etdiyi
avadanlıq, proqram təminatı, məlumatların mühafizəsi və onların
təhlükəsiz istismar qaydalarının işçiyə yazılı şəkildə çatdırılması
çərçivəsində məsuliyyət daşıyır”.




R.Mustafayev bildirib ki, bu məsələlər işəgötürən və işçi
arasında yazılı formada dəqiq şəkildə bölüşdürülür və əmək
müqaviləsində öz əksini tapır.

“Distant işin görüləcəyi yer əvvəlcədən müəyyən olunur, həmin
yerin təhlükəsizliyi ilə bağlı əmək mühafizəsi normaları təsbit
edilir, bu şərtlər təsdiq edildikdən sonra işçi həmin müəyyən
olunmuş yerdən distant şəkildə işini davam etdirir.

Əlbəttə, bütün bu tələblər Əmək Məcəlləsinin ümumi normalarına
uyğun şəkildə tətbiq olunur və tərəflər arasında bağlanan əmək
müqaviləsinə ediləcək əlavələrdə dəqiq şəkildə öz əksini tapacaq”,
– deyə o qeyd edib.