
Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazov onlayn formatda keçirilən Neft
İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin
nazirlərinin 40-cı iclasında iştirak edib.
Trend xəbər verir
ki, iclasda gündəlik xam neft hasilatının 2026-cı ilin sonuna qədər
sabit saxlanılması və maksimum davamlı istehsal gücünün
qiymətləndirilməsi mexanizmi ilə bağlı qəbul edilmiş qərara
Azərbaycan da öz dəstəyini ifadə edib.
İclas zamanı qlobal neft bazarındakı vəziyyət, hasilat
səviyyələri və kompensasiyaların yerinə yetirilməsinə dair
müzakirələr aparılıb. OPEC Katibliyi tərəfindən hazırlanmış və
Əməkdaşlıq Bəyannaməsi ölkələrində 2027-ci il üzrə neft hasilatının
baza səviyyələrinin müəyyən edilməsində istinad göstəricisi kimi
istifadə olunacaq Maksimum Davamlı İstehsal Gücünün (MSC)
qiymətləndirilməsi mexanizmi təsdiqlənib.
Həmçinin OPEC Katibliyinə 2019-cu il 2 iyul tarixində imzalanmış
Əməkdaşlıq Xartiyasının məqsədlərinə nail olmaq üçün plan
hazırlamaq və bu planı növbəti nazirlər görüşündə təqdim etmək
tapşırılıb.
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv
ölkələrin nazirlərinin 41-ci iclasının gələn ilin 7 iyun tarixində
keçirilməsi razılaşdırılıb.


