
Xocalı.Trend:
Oktyabrın 25-də Xocalı şəhər 1 nömrəli tam orta məktəbin
məzunları illər sonra ilk dəfə bir araya gəliblər. 36 il əvvəl bu
məktəbdə müəllimə kimi çalışmış Xocalı sakini Səriyyə Müslümqızının
təşəbbüsü ilə təşkil olunmuş görüşdə 1980–1990-cı illərdə məktəbdə
təhsil almış məzunlar və o dövrün müəllimləri iştirak ediblər.
Trend xəbər
verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa,
Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən
verilən məlumata görə, görüş iştirakçıları əvvəlcə Xocalı Şəhidlər
xiyabanını ziyarət edib, şəhidlərin xatirəsini bir dəqiqəlik
sükutla yad ediblər.1992-ci ilin fevralında erməni silahlı
birləşmələri tərəfindən törədilən Xocalı soyqırımının
dəhşətlərindən, o faciənin xalqımızın yaddaşında buraxdığı izlərdən
də danışıblar.
Tədbirin təşkilatçısı Səriyyə Müslümqızı çıxışı zamanı bildirib
ki, bu gün azad Xocalının adı qürurla çəkilir, insanlar doğma
yurdlarına qayıdır, Xocalıya həyat yenidən dönür. Onun sözlərinə
görə, bu gün burada toplaşmaq həm yaddaşın, həm də qürurun
təntənəsidir. Tədbirin sonunda məzunlar belə görüşlərin davamlı
keçirilməsinin vacibliyini vurğulayaraq, azad Xocalının dirçəlməsi
və gənc nəslin doğma torpaqlarda yetişməsi üçün birgə səylə
çalışacaqlarına söz veriblər.


