
Bakı. Trend:
Cari ilin ilk yarısı ərzində investisiya şirkətlərinin balans
göstəricilərində azalma müşahidə olunub.
Trend-in
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumatına görə, 2024-cü
ilin sonu ilə müqayisədə investisiya şirkətlərinin aktivləri 23%
(42 milyon manat) azalaraq 140 milyon manat, öhdəlikləri isə 33%
(42 milyon manat) azalaraq 86 milyon manat təşkil edib. İnvestisiya
şirkətlərinin aktiv və öhdəliklərindəki azalmanı şərtləndirən əsas
amil yüklü maliyyə aktivlərinin (repo/əks-repo əməliyyatları)
həcminin azalması olub.
Dövr ərzində investisiya şirkətlərinin müştəri aktivləri
genişlənib. Cari ilin ilk yarısı ərzində investisiya şirkətlərinin
müştəri aktivləri 23% (450 milyon manat) artaraq 2.4 milyard manata
çatıb. Müştəri aktivlərində artımın əsas drayveri xarici bazarda
broker xidmətləri olub. Belə ki, xarici bazarda broker xidmətləri
üzrə müştəri aktivləri 31% (513 milyon manat) artaraq 2.1 milyard
manat təşkil edib.
İnvestisiya şirkətlərinin xalis mənfəətində azalma müşahidə
edilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2025-cü
ilin ilk yarısı ərzində investisiya şirkətlərinin xalis mənfəəti
67% (2.9 milyon manat) azalaraq 1.5 milyon manat olub. İnvestisiya
şirkətlərinin xalis mənfəətində azalmanı şərtləndirən əsas amillər
artan haqq və komissiya, əmək haqqı və sosial xərclər, habelə,
inzibati xərclər olub.
Qeyd edlib ki, investisiya şirkətlərinin kapital mövqeyi komfort
zonadadır. 2025-ci ilin ilk yarısının sonuna olan məlumatlara
əsasən sektor üzrə məcmu kapital 52.8 milyon manat, tələb olunan
kapital isə 7.4 milyon manat təşkil edib ki, bu da investisiya
şirkətlərinin kifayət qədər kapital buferinə sahib olmasını
şərtləndirir.

