Süni intellekt cihazları, tibbi oksigen stansiyası, iki əməliyyat otağı – Kəlbəcərdəki hospitaldan REPORTAJ

HƏRBİ


Ümummilli lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycanın sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətləri və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılması nəzərə alınaraq, ölkəmizdə hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu münasibətlə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin mayın 27-də açılışını etdiyi Kəlbəcərdəki hərbi hospitala mediatur təşkil edilib.

“resmixeber.az”un Kəlbəcərə ezam olunan əməkdaşı xəbər verir ki, səfər çərçivəsində KİV nümayəndələri hərbi hospitalda yaradılan şəraitlə, pasiyentlərin müalicəsi, eyni zamanda, iş prosesi ilə yaxından tanış olublar.

Tibb xidməti polkovniki Hüseyn Əliyev deyib ki, uzun müddətdir Azərbaycan Ordusunda xidmət edir:

“Bir çox yerlərdə xidmət etmişəm. Bu hospital Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi tapşırığı əsasında yaradılıb. Müasir, tam rəqǝmsal, süni intellektə əsaslanan tibbi cihaz və avadanlıqlarla təchiz olunan bu hərbi hospitalda poliklinika, terapiya, cərrahiyyə, anesteziologiya-reanimasiya bölmələrindən ibarət birinci müalicə korpusu, yoluxucu xəstəliklər və dəri xəstəlikləri bölmələrindən ibarət ikinci müalicə korpusu, qərargah binası, eləcə də daimi tibbi oksigen təminatı üçün stansiya, camaşırxana-qazanxana, nəzarət-buraxılış məntəqəsi və yeməkxana tikilib”.

O qeyd edib ki, poliklinika bölməsində ixtisaslar üzrə oftalmoloq, otorinolarinqoloq, kardioloq, stomatoloq, nevroloq, psixiatr, fizioterapevt və digər kabinetlər açılıb:

“Burada təcili yardım otağında ilkin yardım göstərmək üçün də hər cür şərait mövcuddur. Onu da deyim ki, hospitalda iki əməliyyat otağı fəaliyyət göstərir. Müalicə korpuslarında hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərilməsi, o cümlədən onların müayinə və müalicəsi üçün bütün şərait yaradılıb. Laboratoriya bölməsi ən yüksək standartlara cavab verir. Burada müasir laborator müayinə üsulları tətbiq edilməklə klinik, biokimyəvi və mikrobioloji analizlərin aparılması mümkündür. Hərbi hospitalımız bioloji təmizləmə qurğusu, ehtiyat generator, cərrahi əməliyyatların fasiləsizliyi üçün UPS, mərkəzləşdirilmiş su, istilik və digər kommunikasiya sistemləri ilə tam təchiz olunub. Bundan əlavə, hərbi hospitalın avtomobil parkında reanimobillər, yolsuzluq şəraitində təxliyə üçün ambulanslar, çöl şəraitində hərbi qulluqçulara tibbi xidmət göstərilməsi üçün avtomobillər var”.

Tibb xidməti kapitanı Urfan Mehdizadə burada yüksək şəraitinin yaradıldığını söyləyib:

“Son dövrlər postlarda və hərbi hissələrdə məişət şəraitinin yaxşılaşdırılması bir çox dəri xəstəliklərinin kəskin şəkildə azalmasına, ümumiyyətlə rast gəlinməməsinə səbəb olub. Bu da sevindirici haldır. Azad edilən ərazimizdə belə yüksək səviyyədə tikilən hərbi hospitalda xidmət etmək böyük şərəfdir”.

Tibb xidməti leytenantı Vüsal Qasımov da çalışdığı hospitalda dövlət tərəfindən xüsusi şəraitin yaradıldığını qeyd edib:

“Mən hər zaman hərbçilərimizə xüsusi diqqət və qayğı ilə yanaşan ordumuzun rəhbərliyinə bizim üçün belə bir şərait yaradıldığına görə minnətdaram. Mən burada hərbçi qardaşlarımın dişlərinin müalicə və müayinəsi ilə məşğul oluram. Hospitalımız bütün lazımi avadanlıqlarla təmin olunub”.

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir