2Pac: Qısa ömründə 70 milyon diski satıldı, doğulmamış həbsə düşdü, külü marixuana ilə çəkildi – FOTO/VİDEO

DIN


Tupak Amaru Şakur – tarixin ən nüfuzlu hip-hop ifaçısı, abidəsi qoyulan ilk reper, şairdir. Əfsanəvi musiqiçi, həmçinin 2Pac, Makaveli səhnə adları ilə də tanınıb.

25 illik qısa ömründə o, 70 milyondan çox solo disklə bütün zamanların ən populyar və ən çox satılan musiqiçisinə çevrilib.

Dinamik, ifadəli musiqi janrında yazdığı əsərlərində o, sosial problemlərə etiraz edir, irqi ayrı-seçkilikdən, yoxsulluqdan, zülmdən, şəhər gettolarının amansız şəraitində yaşamaq uğrunda mübarizəsindən bəhs edib.

TUPAK ŞAKURUN UŞAQLIĞI VƏ YENİYETMƏLİYİ

Repin ən istedadlı nümayəndələrindən biri olan Şakur 1971-ci il iyunun 16-da Nyu-Yorkun kriminal Harlem rayonunda anadan olub. Doğulduğunda ona Leseyn Periş Kruks adı qoyulub. Məşhurlaşdığı ad isə ona xaç suyuna salınan zaman hindu qəbilə başçısının nəslindən olan perulu azadlıq döyüşçüsünün xatirəsinə verilib. Ögey atasının soyadı ilə birlikdə bu, təqribən belə bir məna verir – “Uca Parlayan İlana Minnətdarlıq”.

Tupakın valideynləri afro-amerikalıların hüquqlarını müdafiə edən “Qara Pantera” radikal sol hərəkatının fəalları olublar. Onun bioloji atası oğlu dünyaya gəlməmiş ailəni tərk edib. Ana və oğlu çox tez-tez – ildə bir neçə dəfə köçmək məcburiyyətində qalıblar.

Şakur ilk təhsilini aldıqdan sonra Baltimordakı İncəsənət Məktəbində oxuyub, iki il rəqs, aktyorluq, musiqi nəzəriyyəsi və poeziya təhsili alıb. O, 1988-ci ildə məktəbi yarımçıq qoyaraq ABŞ-nin Qərb Sahilində yerləşən Merin Siti şəhərinə köçür. Burda o, ilk dəfə polis protokollarına düşüb. Ancaq reper zarafatla ilk həbs həyatını doğulmamışdan əvvəl yaşadığını bildirib. Belə ki, anası ona hamilə olanda Nyu-Yorkda polis idarələrindən birində terror aktını təşkil etməkdə şübhəli bilinərək saxlanılıb və bir neçə gün həbsdə qalıb.

TUPAK ŞAKUR YARADICILIĞININ BAŞLANMASI

1990-cı ildə – repi mənimsəməyə başladığı ilk illərdə Tupak Kaliforniyanın “Digital Underground” qrupu ilə rəqs, multimedia, vizual şoularla çıxış etməyə başlayıb. Bu qrupun “Same Song” treki müğənninin karyerasında ilk musiqi kimi tanınıb.

Qrupdakı fəaliyyəti ilə yanaşı, Tupak öz musiqi kompozisiyalarını da yaratmaqla məşğul olub. 1991-ci il onun debüt yaradıcılığı “2Pacalypse Now” ilə əlamətdar olub.

1992-ci ildə reper filmdə debüt edib. O, “Avtoritet” filmində özbaşınalıq və qanunsuzluq yaradan qanqster rolunu oynayıb.

Eyni dövrdə Tupak bir milyondan çox nüsxə disk sataraq onu ulduza çevirən “Strictly 4 My N.I.G.G.A.Z.” adlı ikinci studiya diskini buraxıb.

TUPAK ŞAKURUN QANUNLA PROBLEMLƏRİ

1993-cü ilin sonunda 19 yaşlı bir qız Şakuru zorlamada ittiham edib. Məhkəmənin cinayət işi üzrə qərarından əvvəl o, “Thug Life” rep qrupunu yaradıb və ağır tale, ruhi əzab və dözülməz ağrı haqqında düşüncələrdən ibarət növbəti disk üçün bəstələr yazıb.

1995-ci ilin fevralında Andlılar Məhkəməsi müğənnini 4,5 ilə qədər həbs cəzasına məhkum edib. Mart ayında isə onun “Me Against the World” adlı üçüncü solo diski çıxıb. Beləliklə, müğənni dünyada “həbsdə olarkən disk buraxan ilk musiqiçi” olub. Albom hit-paradlarda birinci yeri tutub, platin diskə çevrilib və daha sonra “Rock and Roll Hall of Fame”ə daxil edilib.

Şakur 8 ay barmaqlıqlar arxasında qaldıqdan sonra, “Death Row” səsyazma leyblinin rəhbəri Şuq Nayt tərəfindən təxminən 1,5 milyon dollarlıq girov sayəsində azadlığa buraxılıb. Bunun müqabilində reper onunla üç albomun buraxılması üçün müqavilə bağlamağa məcbur olub.

Təxminən dörd ay sonra onun qlobal miqyasda inkişafının istiqamətini müəyyən edən musiqi janrında ən yaxşılarından biri və ikiqat albomu “All Eyez On Me” işıq üzü görüb. Disk 8,2 milyon nüsxə satılaraq 9 dəfə “platin” statusu alıb. Diskdəki mahnılar melodiya və ritmi birləşdirib, qaradərililərin həyat çətinliklərindən bəhs edib, qaçılmaz ölümlə bağlı dəhşətli bir gözlənti ehtiva edib.

1996-cı ildə Tupak Tim Rot ilə “Gridlock’d” və Mikki Rurk ilə “Bullet” filmlərində çəkilib.

TUPAK ŞAKURUN ŞƏXSİ HƏYATI

Tupak Şakur 1995-ci ildə həbsdə olarkən toya üç ay qalmış tanış olduğu aktrisa Keyşa Morrislə ailə həyatı qurub. Lakin tezliklə onların nikahı ləğv edilib. Bununla belə, onlar dostluq münasibətlərində qalıblar.

Reperin həyatında çoxlu qızlar olsa da ciddi münasibəti olmayıb. Onun üçün adətən musiqi birinci gəlirdi.

TUPAK ŞAKURUN QƏTLİ

Sentyabrın 7-də Tupak dostu olan Mayk Taysonla Brüs Seldon arasında boks matçını izləmək üçün BMW markalı qara maşınında Şuq Naytla birlikdə Las Veqasa yollanıb.

Maykın gözlənilən qələbəsi ilə başa çatan döyüşdən sonra kluba gedərkən Naytın idarə etdiyi avtomobil ağ rəngli “Cadillac”dan naməlum şəxslər tərəfindən atəşə tutulub. Reperə 4 güllə dəyib, Şuq isə şüşə qırıqları ilə yaralanıb.

Tupakın vəziyyəti ağır olub və özünə gəlmədən ayın 13-də ölüb. Onun cəsədi kremasiya edilib. Deyilənə görə, müğənninin külünün bir hissəsi dostları tərəfindən marixuana qarışdırılaraq çəkilib.

Müğənnini güllələyənlər tapılmayıblar. Tupakın Şərqi Sahildə düşmən dəstənin reperləri tərəfindən öldürüldüyü güman edilir.

Ömrünün son ilində Tupakın kompozisiyalarında ölümün yaxınlaşdığı barədə çoxlu işarələr olub. O, həmçinin öz ölümünü saxtalaşdıran məşhur filosof Nikkolo Makiavellinin yaradıcılığı ilə maraqlanıb və səhnə adını onun soyadına dəyişib. “Death Row” ilə müqavilə əsasında üçüncü və son albomu “The Don Killuminati: The 7 Day Theory” reperin ölümündən sonra çıxıb.

SAĞ OLDUĞU BARƏDƏ İDDİALAR

Qeyd edək ki, sonradan ortaya çıxan hadisənin “təfərrüatı” və şahidlərin şərhləri pərəstişkarlarında sənətçinin ölümünə şübhə yaradıb. Bəziləri onun Malayziya, yaxud Kuba adalarında bir yerdə məskunlaşdığı barədə iddialar səsləndirib.

Tupakın sağ qalması barədə söz-söhbətin ilk müəllifi isə musiqiçinin keçmiş cangüdəni Maykl Nayq olub. O, verdiyi müsahibələrin birində Tupakın həqiqətən ağır yaralandığını, amma sağ qaldığını deyib. Nayqın sözlərinə görə, reperin Barbadosa, oradan da Kubaya aparıldığı barədə videogörüntülər var.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir