“Xalqımıza qarşı qırğınlarda məqsəd milli birliyimizi və iradəmizi qırmaq idi” – RƏY + FOTO

Siyasət

“20 Yanvar faciəsi də daxil olmaqla, 1987-ci ildən 90-cı illərin əvvəlinə kimi xalqımıza qarşı törədilən vəhşiliklər, kütləvi qırğınlar və deportasiyalar, əslində bizim milli birlik və iradəmizi qırmaq, torpaqlarımızı Ermənistana vermək idi”.

Bu sözləri “resmixeber.az”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O, Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyindən getməsindən qısa müddət sonra Azərbaycan xalqı üçün qara günlərin başladığını bildirib.

Deputat xatırladıb ki, 1987-ci ildən etibarən Qərbi Azərbaycandan kütləvi şəkildə soydaşlarımızın qovulması və keçmiş Dağlıq Qarabağda törədilən vəhşiliklər 90-ci ilin əvvəllərində xalqımızın səbr kasasını doldurmuşdu:

“Təkcə 1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından – Ermənistandan növbəti deportasiyası baş vermiş, nəticədə 250 min azərbaycanlı qaçqın düşmüşdü. Azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyası, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri Bakıda insanların etirazına səbəb olmuşdu. Tarix onu göstərir ki, 20 Yanvar faciəsi xalqımızın birlik, əzmkarlıq nümunəsi idi”.
 

V.İskəndərov vurğulayıb ki, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı silahlı hücumu, dinc əhalinin kütləvi surətdə vəhşicəsinə gülləbaran edilməsi xalqın iradəsini qırmaq, ona əzəli torpaqları olan Qərbi Azərbaycandan zorakılıqla qovulmasını və keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini qəbul etdirmək məqsədi daşıdığı hər kəsə məlumdur:

“İnsanların əliyalın formada silahlı Sovet ordusunun qarşısına çıxması, mübariz ruhu ilə birlik olması görünməmiş bir hadisəydi. Çox təəssüf ki, şəhidlərimizin qanı ilə tarixə düşmüş 20 Yanvar faciəsinin əsl məqsədi gizlədilir, rəsmi səviyyədə elə təqdim edilirdi ki, guya Bakıda ermənilərə qarşı zorakılıq halları baş verir və qoşunlar da sabitliyi təmin etmək məqsədilə yeridilib. Sovet qoşunlarının hərəkətlərində isə əsas niyyətin məhz Azərbaycan xalqına divan tutmaq olduğu bir daha öz təsdiqini tapdı. O vaxtı ümummilli lider Heydər Əliyev xalqımızla həmrəy olduğunu bir daha nümayiş etdirdi. Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də Ulu Öndər ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa etmişdi”.
 

Deputat qeyd edib ki, elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirmişdi:

“Əlbəttə vaxtında atılan bu addımlar SSRİ tərəfindən dünyaya təqdim edilən yalanların da qarşısını müəyyən qədər almış oldu. O, faktlarla Sovet ordusunun xalqımıza qarşı törətdiyi cinayəti sübüt etdi. 20 Yanvar faciəsi artıq Azərbaycanın müstəqillik yolunda atılmış mühüm addım oldu. Bu faciə göstərdi ki, başqa yol yoxdur. Ancaq şəhidlərimizin canı, qanı bahasına başa gələn müstəqilliyimizin ilk illəri səriştəsiz rəhbərlərin sayəsində yenə qanlı-qadalı oldu”.
 
“Ulu Öndərin hakimiyyətə gəlişinə qədər erməni hərbi birləşmələri Qarabağda qırğınlar edir, Xocalı faciəsi kimi bir insanlıqdan kənar genosid törədir. Bütün bu faciələrin qisası 30 il sonra Ali Baş Komandan İlham Əliyevin sayəsində alındı. İndi heç bir şəhidimizin qanı yerdə qalmayıb. Torpaqlarımız işğaldan azad olunub. Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə barışmadı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər ilə həm də 20 Yanvar şəhidlərinin narahat ruhları dinclik tapdı. Bu gün Azərbaycan xalqının milli ideyası tarixi torpaqlarına qayıdışı nəzərdə tutur.

Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri gedir. Bütün bu addımlar onu deməyə əsas verir ki, azərbaycanlı qaçqınlar Ermənistandakı əzəli yurd yerlərinə də qayıdacaqlar, 20 Yanvar hadisələrindəki milli müqavimət nümunələri, 30 illik dövr ərzində işğalla barışmazlıq və 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər, Ermənistanın diz çökdürülməsi bu ümidləri daha da gücləndirir”, – V.İskəndərov əlavə edib.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir