
Bakı. Trend:
ABŞ-da üç yumurta istehsalçısı qiymətlərin qanunsuz şəkildə
razılaşdırılması ilə bağlı istintaq çərçivəsində ölkənin ərzaq
banklarına 53 milyon yumurta təqdim etməyə və 3,3 milyon dollar
cərimə ödəməyə razılaşıb.
Bu barədə Nyu-York ştatının baş prokuroru Letisiya Ceyms məlumat
yayıb.
Məlumata görə, Cal-Maine Foods, Versova-Centrum və Hickman’s Egg
Ranch şirkətləri yumurtanın gündəlik qiymət indeksinə təsir
göstərmək məqsədilə fəaliyyətlərini qanunsuz şəkildə
əlaqələndirərək topdansatış və pərakəndə bazarda qiymətlərin süni
şəkildə artmasına səbəb olublar.
İstintaq materiallarında bildirilir ki, qanun pozuntuları ən azı
2022-ci ildən etibarən baş verib və yumurta tədarükü müqavilələri
üçün əsas göstəricilərdən biri hesab olunan Urner Barry qiymət
xidmətinin manipulyasiyası ilə bağlı olub.
Razılaşmaya əsasən, şirkətlər araşdırmada iştirak edən 17 ştata
ümumilikdə 3,3 milyon dollar cərimə ödəyəcək, həmçinin həmin
ştatlardakı ərzaq bankları və qeyri-hökumət təşkilatlarına 53
milyon yumurta təhvil verəcəklər.
Nyu-York ştatına 4 milyon 968 min yumurta ayrılacaq. İlk partiya
– 280 min 280 yumurta – artıq Bruklinə çatdırılıb, qalan
tədarüklərin isə oktyabr ayınadək mərhələlərlə həyata keçirilməsi
planlaşdırılır.
Bundan əlavə, şirkətlər gələcəkdə oxşar halların təkrarlanmaması
üçün daxili nəzarət mexanizmləri tətbiq etməyi də öhdələrinə
götürüblər.
ABŞ-da son illərdə, xüsusilə 2025-ci ildə quş qripinin yayılması
fonunda yumurta qiymətləri kəskin bahalaşıb. 2025-ci ilin mart
ayında qiymətlər illik müqayisədə 96 faiz artaraq tarixi maksimuma
çatıb.

