
Bakı. Trend:
Filippinin cənubunda, Davao Oksidental əyaləti sahillərində 6,3
maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu
məlumat yayıb.
Məlumata görə, tektonik zəlzələ cümə axşamı yerli vaxtla saat
05:41-də 10 kilometr dərinlikdə baş verib. Zəlzələnin episentri
Balut adasının sahilindən 99 kilometr cənub-qərbdə yerləşib.
Qeyd edək ki, Cənub-Şərqi Asiyada yerləşən arxipelaq dövləti
olan Filippin Sakit okeanı əhatə edən yüksək seysmik və vulkanik
aktivlik zonası – “Sakit okean Odlu Halqası” üzərində
yerləşdiyindən burada tez-tez zəlzələlər, vulkan püskürmələri və
sunamilər baş verir.

