
Bakı. Trend:
SOCAR “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi üzrə “ITOCHU”
korporasiyasına məxsus iştirak payını alıb.
Bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, iştirak payının alınmasına dair müvafiq sənədlər
imzalanıb, alqı-satqı əməliyyatı qanunvericiliyin tələblərinə,
SOCAR-ın daxili normativ qaydalarına, habelə müqavilə üzrə mövcud
tənzimləyici öhdəliklərə uyğun olaraq həyata keçirilib.
Alqı-satqı prosesinə qədər “ITOCHU” korporasiyası AÇG
layihəsində 3.65% iştirak payına malik olub. Beləliklə, SOCAR-ın
AÇG layihəsində iştirak payı 31.65%-dən 35.3%-ə çatıb.
SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib ki, AÇG layihəsi uzun
illərdir ölkəmizin və regionun enerji təhlükəsizliyinə mühüm töhfə
verir.
“Eyni zamanda, cari ildə AÇG yataqlar blokundan ilk sərbəst
təbii qaz hasilatının başlanması layihənin gələcək inkişafı və
Azərbaycanın qaz potensialının artırılması üçün yeni imkanlar açır.
Layihənin icrasında uzun illər ərzində oynadığı rola və səmərəli
tərəfdaşlığa görə ITOCHU korporasiyasına təşəkkürümüzü bildiririk.
Əminik ki, layihə bundan sonra da tərəfdaşların birgə səyləri,
yüksək əməliyyat standartları və qarşılıqlı etimad əsasında uğurla
həyata keçiriləcək”, – o qeyd edib.
ITOCHU korporasiyasının baş əməliyyat direktoru, Enerji və
enerji həlləri Bölməsinin baş icraçı direktoru Tetsuya Yamada
bildirib:
“ITOCHU 1996-cı ildə Azərbaycana sərmayə yatıran ilk Yaponiya
şirkəti olduqdan sonra son üç onillik ərzində AÇG layihəsi və
enerji sahəsində digər investisiyalar vasitəsilə SOCAR ilə möhkəm
tərəfdaşlıq qurub. AÇG son dərəcə uğurlu layihədir və uzun illər
ərzində sahib olduğumuz bu aktivin SOCAR-a ötürülməsi barədə
qərarımız həm ITOCHU-nun inkişaf edən strateji prioritetlərini, həm
də SOCAR ilə tərəfdaşlığımızı daha da dərinləşdirmək öhdəliyimizi
əks etdirir. Buna görə də bu satış ITOCHU-nun Azərbaycandan çıxması
demək deyil, əksinə, tərəfdaşlığımızda yeni mərhələnin başlanğıcını
ifadə edir. Azərbaycan ITOCHU-nun investisiya və ticarət fəaliyyəti
üçün mühüm bazar olaraq qalacaq. SOCAR ilə əməkdaşlığımızı daha da
gücləndirməyi və həm Azərbaycanda, həm də beynəlxalq bazarlarda
yeni biznes imkanlarını birgə dəyərləndirməyi səbirsizliklə
gözləyirik”.

