“Qərbi Azərbaycana Qayıdış Konsepsiyası beynəlxaq hüquqa söykənən sülh təşəbbüsüdür” – Əli Hüseynli

Baş səhifə

Bu günlərdə “Güclü Ermənistan” müxalifət fraksiyasının lideri Narek Karapetyan tərəfindən irəli sürülən və ilk növbədə Azərbaycan vətəndaşlarının beynəlxalq hüquq çərçivəsində təsbit olunmuş hüquqlarının məhdudlaşdırılmasını hədəfə alan təşəbbüs 2026-cı ildə irəli sürülmüş qanun layihəsidir.

Bunu Modern.az-a açıqlamasında Milli Mıclisin deputatı Əli Hüseynli bildirib.

Onun sözlərinə görə, sözügedən sənədin mahiyyəti əsasən Azərbaycan vətəndaşlarının və hüquqi şəxslərinin Ermənistanda hər hansı daşınmaz əmlak almasını qadağan etməkdən, həmçinin onların son benefisiar olduğu şirkətlərə də bu qadağanı şamil etməkdən və daşınmaz əmlakın və torpaq sahələrinin hədiyyə kimi əldə edilməsini də qadağan etməkdən ibarətdir.

“Ermənistan Konstitusiyasında əcnəbilərin torpaq əldə etməsi ilə bağlı müəyyən məhdudiyyətlərin artıq mövcud olmasına baxmayaraq, onlar bu məhdudiyyətlərin bütün daşınmaz əmlaka şamil edilməsini təklif edirlər.

İdeya müəllifləri bu təşəbbüsü Azərbaycan vətəndaşlarının Ermənistanda daşınmaz əmlak əldə etməsinin uzunmüddətli təhlükəsizlik riskləri yarada biləcəyi ilə izah edirlər. Qanun layihəsi eyni zamanda Paşinyan hökumətinin Azərbaycanla formalaşmaqda olan pozitiv münasibətlər siyasətinə qarşı siyasi tənqid vasitəsi kimi təqdim olunur. “Güclü Ermənistan” nümayəndələri hökumətin Azərbaycanın qarşısında həddindən artıq güzəştlərə getdiyini və milli maraqları kifayət qədər müdafiə etmədiyini iddia edirlər.

Qanun layihəsinin bu iddiaların arxasında gizlənən əsas siyasi motivi isə  Ermənistandan qovulmuş 300 mindən artıq qaçqın azərbaycanlının öz doğma yurdlarına qayıtmalarına hüquqi səddin çəkilməsinidir. Ermənistan müxalifətinin bu pozucu addımları və niyyətləri silahlı münaqişələr zamanı mülki əhalinin zorla köçürülməsini qadağan edən və münaqişə başa çatdıqdan sonra qaçqınların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təşviq edən  1949-cu il Cenevrə Konvensiyası,  qaçqınların könüllü repatriasiyasını nəzərdə tutan 1951-ci il Qaçqınların Statusu haqqında Konvensiya, Qaçqınların və məcburi köçkünlərin tərk etdikləri ev və torpaq üzərində mülkiyyət hüquqlarının bərpasını nəzərdə tutan  2005-ci il Pinheiro Prinsipləri və digər beynəlxalq sənədlərlə daban-dabana ziddir.

Odur ki, Azərbaycan qaçqınlarının öz doğma yurdlarına qayıdışı beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanır. Bu konsepsiya insan hüquqlarının, ədalətin və tarixi hüququn bərpasını nəzərdə tutur. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların təhlükəsiz, ləyaqətli və sülh yolu ilə öz doğma torpaqlarına qayıdışı Azərbaycanın strateji məqsədlərindən biridir. Dövlət başçısının nümayiş etdirdiyi ardıcıl siyasi iradə və prinsipial mövqe bu konsepsiyanın beynəlxalq hüquq çərçivəsində mərhələli şəkildə həyata keçiriləcəyinə inam yaradır.

Ölkə rəhbərinin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının binasında keçirilən görüşdəki çıxışı Azərbaycanın “Qayıdış Konsepsiyası”nın əsas siyasi və hüquqi dayaqlarından biri hesab olunur: “Qərbi Azərbaycana qayıdış bizim hüququmuzdur. Biz bu hüququ beynəlxalq hüquq əsasında, dinc yollarla təmin edəcəyik”.

Beləliklə, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası yalnız tarixi ədalətin bərpasına deyil, həm də beynəlxalq hüququn aliliyinə söykənən sülh təşəbbüsüdür. Və bu yoldan bizi kimsə döndərə bilməz”, – deputat qeyd edib.