Magistraturaya qəbul olunanların nəzərinə: Qeydiyyat yalnız “mygov” üzərindən aparılacaq

Baş səhifə

Bakı. Trend:

Magistratura pilləsinə qəbul olan bakalavrlar təhsil alacaqları
ali təhsil müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı
üzərindən həyata keçirəcəklər. Bunun üçün Elm və Təhsil
Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə
verilib. Xidmət sayəsində qəbul olunan bakalavrlar qeydiyyat
prosesini rəqəmsal formada, bir neçə addımda tamamlaya biləcəklər.
Qeydiyyat 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək davam
edəcək.

Magistraturaya qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə
mygov ID (vahid giriş sistemi) vasitəsilə
my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha
sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından
Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta
ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı”

xidmətinə keçid etməlidirlər.

Qeydiyyat zamanı bakalavrlar şəxsi və qəbul məlumatlarını
təsdiqləyir, tələb olunan məlumatları daxil edərək müraciətlərini
göndərirlər.




Bakalavrlar müraciətlərinin statusunu “mygov” platformasındakı
şəxsi kabinetləri vasitəsilə real vaxt rejimində izləyə bilərlər.
Müraciət “Ödəniş gözlənilir” statusunda olduqda təhsil haqqını
“Onlayn ödə” funksiyası ilə ödəmək və ya “Qəbzi yüklə” seçimi
vasitəsilə ödənişi təsdiq edən sənədi sistemə əlavə etmək
mümkündür.

Qeydiyyat müraciəti təhsil müəssisəsi tərəfindən yoxlanılıb
təsdiqləndikdən sonra proses tamamlanmış hesab olunur və bakalavr
magistr tələbəsi kimi rəsmiləşdirilir. Qeydiyyatın təsdiqlənməsi
barədə vətəndaşa “mygov” platforması üzərindən bildiriş
göndərilir.