Meta Modinin sosial şəbəkədəki videosunun müvəqqəti bloklanmasına görə üzr istəyib

Baş səhifə

Bakı. Trend:

Hindistanın ANI agentliyinin məlumatına görə, şirkətin rəhbəri
Mark Zukerberq də Hindistanın Baş naziri Narendra Modidən üzr
istəyib.

Meta şirkətinin qlobal məsələlər üzrə direktoru Coel Kaplan
Hindistanın Baş naziri Narendra Modinin Facebook-da paylaşımının
müvəqqəti bloklanmasına görə üzr istəyib. Trend xəbər verir ki, bu
barədə Hindistanın ANI agentliyi Kaplanın Yeni Dehlidə ölkənin
elektronika və informasiya texnologiyaları naziri Aşvini Vayşnav
ilə keçirdiyi görüşdən sonra məlumat yayıb.

“Baş nazir Modinin paylaşımının məhdudlaşdırılmasına səbəb olan
səhvə görə Meta şirkəti adından nazirdən üzr istədim”, – deyə
Kaplan bildirib.

Hindistan hökumətindəki mənbələrin sözlərinə görə, Meta-nın baş
direktoru Mark Zukerberq də Modinin paylaşımının müvəqqəti
silinməsi ilə bağlı üzr istəyib. Bildirilib ki, görüş zamanı
Amerika korporasiyasının nümayəndələri şirkətə məxsus
platformaların fəaliyyətində müəyyən çatışmazlıqların olduğunu
qəbul ediblər.




Xüsusilə, Meta rəhbərliyi uşaqlara qarşı cinsi zorakılıq
materiallarının və “deepfake” məzmununun yayılması ilə bağlı
problemləri etiraf edib. Həmçinin bildirilib ki, müəyyən növ
məzmunun təşviqi üçün əhəmiyyətli məbləğdə vəsait ödənilib.

Bundan əvvəl Hindistanın Elektronika və İnformasiya
Texnologiyaları Nazirliyi Meta-dan Narendra Modinin Facebook
paylaşımının bloklanması ilə bağlı insidentin səbəblərini izah
etmək üçün nümayəndələrini göndərməyi tələb etmişdi. Tərəflər
həmçinin şirkətin siyasətini və hadisənin texniki səbəblərini
müzakirə ediblər.

Modinin imtahan suallarının sızmasının qarşısının alınmasına
həsr olunmuş videosu iyulun 23-də paylaşılmış, iyulun 28-də isə
qısa müddət ərzində əlçatmaz olmuşdu.