Azərbaycanda süni intellekt çat-botlarının bazar payı açıqlandı

Baş səhifə

Bakı.Trend:

Azərbaycan bazarında iyul ayı üzrə süni intellekt çat-botlarının
bazar payına dair məlumatlar açıqlanıb.

Trend-in “Global
Stats” Statistika Mərkəzinin məlumatları əsasında apardığı
hesablamalara görə, 2026-cı ilin iyul ayında Azərbaycanda süni
intellekt çat-botları bazarında “ChatGPT”nin payı 87,39 faiz təşkil
edib. Bu göstərici əvvəlki ayla müqayisədə 1,53 faiz bəndi
artıb.

Eyni zamanda, ölkədə “Google Gemini”dən istifadə əvvəlki ayla
müqayisədə 4,06 faiz bəndi artaraq 8,54 faizə çatıb.

Məlumata əsasən, iyul ayında Azərbaycan bazarında “Perplexity”nin payı 2,44 faiz, “Claude”un payı 1,1 faiz, “Microsoft Copilot”un payı isə 0,53 faiz olub.

Beləliklə, “ChatGPT” Azərbaycanda süni intellekt çat-botları
bazarında lider mövqeyini qoruyub saxlayaraq ən yaxın rəqiblərini
əhəmiyyətli dərəcədə qabaqlayıb.




Xatırladaq ki, bu ilin iyun ayında Azərbaycanın Elmə və Təhsil
nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “OpenAİ”
şirkəti ilə Anlaşma memorandumu imzalayıb. Memorandum 500 mindən
çox şagird üçün süni intellekt əsaslı adaptiv öyrənmə imkanlarının
yaradılmasını nəzərdə tutur.

Platforma mövcud milli təhsil proqramına inteqrasiya olunaraq
süni intellekt əsaslı əlavə funksional alət kimi fəaliyyət
göstərəcək. Hazırlanacaq həll şagirdlərin fərdi şəkildə bilik və
bacarıqlarının diaqnostikasını aparmağa, dərs prosesində
fərdiləşdirilmiş tapşırıqlar təqdim etməyə, hər bir şagirdin
öyrənmə ehtiyaclarına uyğun süni intellekt əsaslı fərdi öyrənmə
dəstəyi göstərməyə imkan verəcək. Platforma həmçinin müəllimlər,
məktəb rəhbərləri və nazirlik üçün real vaxt rejimində fəaliyyət
göstəricilərini təqdim etməyə imkan yaradacaq.

Tətbiq ilkin mərhələdə pilot layihə formatında həyata
keçiriləcək və nəticələrə əsasən mərhələli şəkildə
genişləndiriləcək. Platformanın tətbiqi müəllim nəzarəti, milli
kurikuluma uyğunluq, davamlı qiymətləndirmə və məlumatların
qorunması prinsipləri nəzərə alınmaqla aparılacaq.

İmzalanma zamanı elm və təhsil naziri Emin Əmrullayev bildirib
ki, müəllim və şagirdlər üçün yeni süni intellekt alətlərindən
səmərəli istifadə imkanı yaratmaqla bu texnologiyalardan
məsuliyyətli tətbiq formalaşdırılır. “OpenAI” ilə əməkdaşlıq süni
intellektin təhsilə inteqrasiyasını dəstəkləyir və Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi
“Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə
dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın prioritetləri ilə
uzlaşır.