
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
paytaxtın Nəsimi rayonu, Süleyman Rüstəm və Bülbül küçələrinin
kəsişməsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın
avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil
olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən
məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “Ford” və
“Changan” markalı avtomobillərin iştirakı ilə yol-qəza hadisəsinin
baş verdiyi və “Changan” markalı minik avtomobilinin sürücüsünün
müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış
nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə vətəndaş, 1982-ci il
təvəllüdlü Məmmədov Ramil Məmməd oğlunu xilas edərək təcili tibbi
yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma
aparılır.

