
Bakı. Trend:
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi
məhkəməyə göndərilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda
bildirilib.
Qeyd edilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Saatlı rayon şöbəsinin rəisi vəzifəsini icra etmiş
Əhmədov Murad Məmmədhəsən oğlunun qanunsuz əməllərinə dair daxil
olmuş məlumat əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində
başlanmış cinayət işinin istintaqı tamamlanıb.
“”İbtidai istintaqla Murad Əhmədovun 2024-2025-ci illərdə
sözügedən vəzifədə işləyərkən sağlamlıq vəziyyətlərinə görə
əvvəllər növbəti həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş
şəxslərin təkrar tibbi müayinədən yayındırılması və digər
məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini
təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib”,
– deyə bildirilib.
Məlumatda bildirilib ki, toplanmış sübutlar əsasında Murad
Əhmədova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.2-ci
(təkrarən rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə istintaq
orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi
həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə
barəsində həbs (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan
tədbirləri seçilib.
“Cinayət işi baxılması üçün aidiyyəti üzrə Cəlilabad Hərbi
Məhkəməsinə göndərilib”, – deyə qeyd edilib.

