
Bakı. Trend:
Rəqəmsal İnkişaf Şurasının yaradılması ilə qanunvericiliyin
təkmilləşdirilməsi dinamik xarakter alıb.
Trend-in
tədbirdəki müxbirinin xəbərinə görə, bunu Beynəlxalq
Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti,
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Sevil
Mikayılova parlamentin bugünkü iclasında “İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda
dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda
müzakirəsi zamanı deyib.
S. Mikayılova qeyd edib ki, müasir dövrdə rəqəmsallaşma artıq
yalnız texnologiyaların tətbiqi deyil, dövlət idarəçiliyinin
səmərəliliyinin artırılması, iqtisadi inkişafın sürətləndirilməsi,
milli təhlükəsizliyin möhkəmləndirilməsi və vətəndaşlara göstərilən
xidmətlərin keyfiyyətinin yüksəldilməsi deməkdir.
“İyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası
keçirildi. Birinci vitse-prezident Mehriban Əliyeva vurğuladı ki,
məqsəd Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində
regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Məhz Prezident
İlham Əliyevin Fərmanı ilə yaradılmış Rəqəmsal İnkişaf Şurasının
fəaliyyətə başlamasından sonra rəqəmsallaşma, süni intellekt və
kibertəhlükəsizlik sahəsində qanunvericilik bazasının
təkmilləşdirilməsi istiqamətində də sistemli iş müşahidə olunmağa
başladı. Son aylarda Milli Məclisdə bu istiqamətdə bir sıra mühüm
qanun layihələri qəbul edildi və ya müzakirəyə çıxarıldı”, – deyə
deputat bildirib.
S.Mikayılovanın sözlərinə görə, “İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”
Azərbaycan Respublikasının Qanununa təklif edilən dəyişikliklər
kibertəhlükəsizliyin hüquqi tənzimlənməsini ayrıca istiqamət kimi
müəyyən edir və bu sahədə mövcud qanunvericiliyi beynəlxalq
təcrübəyə uyğunlaşdırır.
“Bu dəyişikliklər kiberməkanda münasibətlərin daha səmərəli
təşkilinə kömək edəcək. Çünki hazırda təhlükəsizlik anlayışı
əvvəlki dövrlərdən fərqli məzmun daşıyır. Əvvəllər təhlükəsizlik
əsasən fiziki sərhədlərin qorunması ilə əlaqələndirilirdisə, bu gün
dövlətlərin enerji sistemləri, bank sektoru, rabitə şəbəkələri,
nəqliyyat infrastrukturu və dövlət xidmətləri rəqəmsal mühitdə
fəaliyyət göstərir. Bu sistemlərə qarşı həyata keçirilən
kiberhücumlar artıq milli təhlükəsizlik üçün real risk hesab
olunur. Kibercinayətlərin isə fiziki sərhədləri yoxdur; onlar
dövlət sərhədlərini asanlıqla aşır və transmilli xarakter daşıyır.
Buna görə də hüquqi tənzimləmənin beynəlxalq standartlara uyğun
qurulması xüsusi əhəmiyyət kəsb edir”,- deyə o əlavə edib.
Deputat bildirib ki, qanun layihəsinin mühüm yeniliklərindən
biri yeni hüquqi anlayışların daxil edilməsidir.
“Digər diqqətçəkən yeniliklərindən biri də tənzimləyici test
mühitinin hüquqi əsaslarının yaradılmasıdır. Dünyanın bir çox
ölkəsində uğurla tətbiq olunan tənzimləyici test mühiti modeli
Azərbaycanda da rəqəmsal iqtisadiyyatın və süni intellekt
ekosisteminin təhlükəsiz inkişafı üçün mühüm hüquqi alət rolunu
oynayacaq. Eyni zamanda digər aidiyyəti qanunlarla uzlaşdırılacaq
yeni dəyişikliklər informasiya münasibətlərinin kompleks hüquqi
tənzimlənməsinə xidmət edir. Beləliklə, kibertəhlükəsizlik ayrıca
sahə kimi deyil, informasiya hüququnun digər institutları ilə
qarşılıqlı əlaqədə inkişaf etdirilir”, – S. Mikayılova
bildirib.
Deputatın sözlərinə görə, təsadüfi deyil ki, informasiya
təhlükəsizliyi və kibertəhlükəsizlik məsələləri bu gün dünyanın da
əsas prioritetləri sırasında yer alır.
“Məhz bunun göstəricisidir ki, iyulun 6–10-da İsveçrənin Cenevrə
şəhəri süni intellekt və onun idarə olunması sahəsində qlobal
müzakirələrin mərkəzinə çevriləcək. İlk dəfə təşkil olunan BMT-nin
Süni İntellektin İdarə Olunması üzrə Qlobal Dialoqu çərçivəsində
dövlət rəhbərləri, siyasətçilər, alimlər, texnologiya şirkətlərinin
nümayəndələri və beynəlxalq təşkilatlar süni intellektin
təhlükəsiz, məsuliyyətli və etik inkişafı, kibertəhlükəsizlik,
standartlar və rəqəmsal idarəetmə məsələlərini müzakirə edəcəklər.
Bu isə göstərir ki, informasiya və kibertəhlükəsizliyin hüquqi
bazasının gücləndirilməsi qlobal çağırışlara uyğun və vaxtında
atılan addımdır”, – deyə o əlavə edib.
S. Mikayılova vurğulayıb ki, təqdim olunan qanun layihəsi
Azərbaycanın kibertəhlükəsizlik sahəsində hüquqi bazasının
formalaşdırılmasında mühüm mərhələdir.
“Layihə təkcə yeni anlayışlar və institutlar yaratmır, həm də
informasiya təhlükəsizliyi ilə bağlı müxtəlif qanunvericilik
aktlarını vahid hüquqi sistem çərçivəsində əlaqələndirir. Bu
dəyişikliklər informasiya infrastrukturunun etibarlı qorunmasına,
dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsinə,
kiberinsidentlərə operativ cavab verilməsinə və ölkənin milli
kiberdavamlılığının artırılmasına xidmət edəcək. Bununla yanaşı,
təbii ki, kibertəhlükəsizlik daim inkişaf edən və dəyişən sahə
olduğundan, gələcəkdə texnoloji yeniliklər və yeni risklər nəzərə
alınmaqla qanunvericiliyin mütəmadi şəkildə təkmilləşdirilməsi
zərurəti yaranacaq. Bu baxımdan hazırkı dəyişikliklər gələcək
hüquqi inkişaf üçün də möhkəm normativ baza yaradır”, – deyə
deputat bildirib.

