
Bakı. Trend:
Hörmüz boğazında gəmiçiliyin bərpasından sonra da dayanıqlılıq
qlobal logistika sisteminin əsas müəyyənedici amili olaraq
qalacaq.
Bunu Beynəlxalq Nəqliyyat Forumunun (BNF) nümayəndəsi Trend-ə
eksklüziv şərhində bildirib.
“BNF Hörmüz boğazında baş verən prosesləri, eləcə də qlobal
logistikada pozuntulara səbəb olan digər amilləri diqqətlə izləməyə
davam edir”, – deyə təşkilatdan bildirilib.
BNF-nun məlumatına görə, hazırda nəqliyyat sistemləri iqlim
riskləri, iqtisadi qeyri-sabitlik, texnoloji nasazlıqlar, səhiyyə
böhranları və geosiyasi gərginliklə bağlı zəncirvari təhdidlərlə
üz-üzədir. Bu səbəbdən logistika sektoru öz prioritetlərini bu
çağırışlara uyğun şəkildə dəyişir.
“Təşkilatın fikrincə, diqqət artıq səmərəlilikdən dayanıqlılığa
yönəlib. Dayanıqlılıq iqlim dəyişikliyi və rəqəmsal risklərin
yaratdığı stress və qeyri-müəyyənlik şəraitində fəaliyyət göstərmək
qabiliyyətini ifadə edir”, – deyə BNF vurğulayıb.
BNF hesab edir ki, dayanıqlı nəqliyyat şəbəkələri iqtisadi
fəallığın davamlılığını təmin etməklə yanaşı, sektorun yaranan
pozuntulara operativ reaksiya vermək imkanlarını da artırır.
“Dayanıqlılıq iqtisadi fəaliyyətin fasiləsizliyini təmin edir,
ən həssas əhali qruplarını qoruyur, daha sürətli bərpanı
dəstəkləyir, eyni zamanda öyrənmə və innovasiyaları təşviq edir”, –
deyə təşkilatdan əlavə olunub.
Xatırladaq ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret nəticə əldə olunmadığından, fevralın 28-də ABŞ
və İsrail İrana qarşı hava zərbələri endirməyə başlayıb. İran isə
həmin gündən etibarən İsrailə və regiondakı ABŞ obyektlərinə raket
və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib. Pakistanın
vasitəçiliyi ilə aprelin 7-də tərəflər arasında atəşkəs barədə
razılıq əldə olunub.
İyunun 18-də İran və ABŞ arasında sülh memorandumu imzalanıb.
Sənədi İran Prezidenti Məsud Pezeşkian və ABŞ Prezidenti Donald
Tramp imzalayıblar. Memorandum iyunun 19-dan qüvvəyə minib.
İyunun 21-də Pakistan və Qətərin vasitəçiliyi ilə İran və ABŞ
arasında danışıqların ilk mərhələsi keçirilib. Müzakirə olunan əsas
məsələlərdən biri dünyanın ən mühüm strateji dəniz keçidlərindən
biri hesab olunan Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin bərpası
olub. Dünya üzrə neft tədarükünün təxminən beşdə biri, eləcə də
mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin əhəmiyyətli hissəsi
məhz bu boğazdan həyata keçirildiyi üçün onun fasiləsiz fəaliyyəti
qlobal dəniz daşımaları, enerji bazarları və beynəlxalq təchizat
zəncirləri baxımından həlledici əhəmiyyət daşıyır.

