
Bakı. Trend:
“PAŞA Bank” ASC 18 iyun 2026-cı il tarixində keçirilmiş
Səhmdarların Ümumi Yığıncağının qərarından irəli gələrək 2025-ci il
maliyyə nəticələri üzrə cəmi 107 milyon AZN dividend məbləğinin
ödənişini nəzərdən keçirmişdir.
Dividend ödənişi iki mərhələdə həyata keçiriləcək və ilk mərhələ
çərçivəsində səhmdarlara 53,5 milyon AZN ödəniləcək. Dividend
məbləği Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM)
tərəfindən hər bir səhmdarın müvafiq bank hesabına
köçürüləcəkdir.
İlk dividend ödənişi ilə bağlı əsas
məlumatlar:
• Dividend məbləği: 53,521,500.00 AZN
• Hüquq tarixi: 8 iyul 2026, saat 18:00 tarixinə MDM-in apardığı
səhmdarların reyestrində qeyd edilən şəxslər
• Ödəniş tarixi: 10 iyul 2026
Səhmləri hansı tarixdə əldə etməsindən və hansı müddət ərzində
öz mülkiyyətində saxlamasından asılı olmayaraq, dividend almaq
hüququna malik səhmdarlar MDM-in apardığı 8 iyul 2026-cı il, saat
18:00 tarixinə olan səhmdarların müvafiq reyestrinə əsasən
müəyyənləşdiriləcəklər. Qeyd edək ki, “PAŞA Bank” ASC səhmlərinin
kütləvi ticarətinin “Bakı Fond Birjası” QSC-də həyata keçirildiyini
və bağlanmış əqdlər üzrə hesablaşmaların əqdin bağlandığı gündən
etibarən növbəti iş günü başa çatdığını nəzərə alaraq, 8 iyul
2026-cı il, saat 18:00 tarixinə olan səhmdarların müvafiq
reyestrində həmin tarixdən 1 iş günü əvvəl (7 iyul 2026-cı il
16:30-dək) baş tutan səhm alışları nəzərə alınacaqdır.
“PAŞA Bank” ASC təsdiq edir ki, səhmlərinin ilkin kütləvi
təklifi (IPO) zamanı Bankın səhmlərini əldə etmiş bütün fiziki və
hüquqi şəxslər digər səhmdarlarla bərabər əsaslarla 2025-ci il üzrə
dividend almaq hüququna malikdirlər. Dividendlərin ikinci
hissəsinin ödənişi 2026-cı ilin oktyabr ayı ərzində nəzərdə
tutulur. Eyni zamanda, Azərbaycan Respublikasının Vergi
Məcəlləsinin 102.1.22-2-ci maddəsini nəzərə alaraq, tənzimlənən
bazarda kütləvi təklif edilmiş səhmlər üzrə dividend gəlirləri 1
fevral 2028-ci il tarixinədək fiziki şəxslərin gəlir vergisindən
azaddır. Bu səbəbdən dividend ödənişləri zamanı 5% ödəmə mənbəyində
vergi tutulmayacaq və fiziki şəxs investorlara vəsait tam həcmdə
köçürüləcək.
Xatırladaq ki, “PAŞA Bank” ASC-nin səhmlərinin ilkin kütləvi
təklifi (IPO) 19 iyun 2026-cı ildə uğurla başa çatmışdır. Bu,
Azərbaycan kapital bazarı tarixində ilk özəl şirkət IPO-su olmaqla
yanaşı, həm fərdi, həm də korporativ investorlar tərəfindən böyük
maraqla qarşılanıb. Təxminən 18 min unikal investorun iştirakı,
129,2% örtülmə nisbəti və 66,3 milyon AZN həcmində sifarişlə
nəticələnən IPO investor bazasının genişlənməsinə, qiymətli
kağızlar bazarına marağın artmasına və ölkədə kapital bazarının
inkişafına təkan verib.

