Zukerberq “Meta”nın süni intellekt sahəsinə investisiyalarını artırır

Baş səhifə

Bakı. Trend:

“Meta” şirkətinin rəhbəri Mark Zukerberq süni intellekt sahəsinə
yatırımların artırıldığını bildirərək, bu texnologiyanın
inkişafından böyük gözləntilərinin olduğunu açıqlayıb.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, Zukerberq şirkətdə həyata keçirilən
restrukturizasiya prosesinin tam problemsiz keçmədiyini etiraf
edib. Onun sözlərinə görə, rəhbərlik dəyişikliklərin həyata
keçirilməsi müddətini düzgün qiymətləndirməyib. Baş direktor qeyd
edib ki, “Meta” əsas fəaliyyət istiqamətini köklü şəkildə
dəyişmədən, təşkilati yenilikləri mərhələli və daha ehtiyatlı
formada tətbiq etməyə üstünlük verib.




Xatırladaq ki, may ayında şirkət əməkdaşlarının təxminən 10
faizini ixtisar edib, 7 min işçini isə süni intellekt layihələri
üzərində çalışan komandalara cəlb edib.

Bildirilir ki, bu addımlar süni intellekt texnologiyalarının
maliyyələşdirilməsinin genişləndirilməsi və onların hesabına iş
prosesinin daha səmərəli təşkili məqsədi daşıyan ümumi
restrukturizasiya proqramının tərkib hissəsidir.

Zukerberq əlavə edib ki, yanvar və fevral aylarında yenidənqurma
planı hazırlanarkən rəhbərlik dəyişikliklərə kifayət qədər sürətlə
uyğunlaşa bilməyəcəklərindən narahat idi. Bununla yanaşı, həmin
dövrdə “Anthropic” şirkətinin “Claude Code” məhsulunun
perspektivləri ilə bağlı yüksək gözləntilər mövcud idi.