Mərkəzi Bankın nağd pul siyasəti balanslı və davamlı yanaşma üzərində qurulur – Baş direktor Rəşad Məmmədov (MÜSAHİBƏ)

Baş səhifə

Bakı. Trend:

Rəqəmsal transformasiya dövründə milli valyutanın gələcəyi, yeni
nəsil pul nişanlarının konsepsiyası, nağd pul dövriyyəsinin
optimallaşdırılması və investisiya pul nişanlarının əhəmiyyəti
artmaqdadır.

Bunu Trend
müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad
Məmmədov deyib.

O, milli pul nişanlarının mühafizə sistemləri, yenilənmiş
nominallar və strateji hədəflər barədə sualları cavablandırıb.

Baş direktor bildirib ki, rəqəmsal ödənişlərin sürətlə inkişaf
etdiyi bir dövrdə Mərkəzi Bankın nağd pul siyasəti balanslı və
davamlı yanaşma üzərində qurulur:

“Beynəlxalq təcrübə, xüsusilə Avropa Mərkəzi Bankının yanaşması
göstərir ki, nağd pul maliyyə sisteminin ayrılmaz hissəsidir və
onun rolu transformasiya olunsa da, əhəmiyyəti qalmaqdadır. Bu
baxımdan Mərkəzi Bankın nağd pul sahəsində əsas prioritetləri bir
neçə istiqamətdə cəmlənib:

  • Nağd pula əlçatanlığın təmin edilməsi – əhalinin və biznes
    subyektlərinin istənilən vaxt nağd pul əldə etmək imkanının
    qorunması;
  • Nağd pul dövriyyəsinin optimallaşdırılması – logistika, emal və
    saxlanma xərclərinin azaldılması, nağd pul infrastrukturunun
    modernləşdirilməsi və avtomatlaşdırılması;
  • Milli pul nişanlarının yenilənməsi – pul nişanlarının müasir
    standartlar üzrə təhlükəsizlik elementlərinin daha da
    təkmilləşdirilməsi və dizayn baxımından yenilənməsi;
  • Ödəniş sistemlərinin dayanıqlılığının gücləndirilməsi –
    texnoloji risklər və fövqəladə hallarda nağd pulun alternativ
    ödəniş vasitəsi kimi rolunun saxlanılması;
  • Bank sektoru ilə əməkdaşlığın genişləndirilməsi – nağd pulun
    emalı və təkrar tədavülü sahəsində daha effektiv modellərin
    tətbiqi.

Qeyd edim ki, nominal strukturun təhlili, dövriyyədə olan pulun
keyfiyyətinin yaxşılaşdırılması, regional paylanma mexanizmlərinin
təkmilləşdirilməsi və texnoloji həllərin tətbiqi əsas istiqamətlər
sırasında olacaq”.

R. Məmmədov eyni zamanda milli valyutanın mühafizə sistemləri
saxtalaşdırma üsullarına qarşı dayanıqlığından da bəhs edib.

Onun sözlərinə görə, son dövrlər sosial şəbəkələrdə əsasən süni
intellekt tətbiqləri vasitəsilə müxtəlif dizaynlarda və
nominallarda hazırlanmış pul nişanlarının fotoları yayılaraq
əhalidə çaşqınlığın yaranmasına səbəb olub:

“Məsələ ilə bağlı Mərkəzi Banka daxil olan sorğularda da
bildirdiyimiz kimi, bu cür məlumatlar həqiqətə uyğun deyil. Milli
pul nişanları ilə bağlı dəyişikliklərin rəsmi məlumat mənbəyi kimi
Mərkəzi Bankın internet səhifəsi və sosial media səhifələrinə
istinad etməyə çağırırıq.

Tədavüldə olan pul nişanlarına dair məlumatlar Mərkəzi Bankın
rəsmi internet səhifəsində qeyd edilib. Mərkəzi Bank tərəfindən
yenilənmiş pul nişanları və ya mövcud pul nişanlarında hər hansı
dəyişiklik barədə ictimai məlumatlandırma onların tədavülə
buraxılma tarixindən öncə Mərkəzi Bankın rəsmi internet səhifəsi və
sosial media səhifələri vasitəsilə təşkil olunur. Son
dəyişikliklərdən biri ötən ilin dekabr ayında yenilənmiş 50
manatlıq pul nişanının tədavülə buraxılması olub. Cari ilin 15 iyul
tarixində isə yenilənmiş 100 manatlıq pul nişanının tədavülə
buraxılması nəzərdə tutulub.




Təhlillərə əsasən, saxtalaşdırma üsullarının əksər hallarda
primitiv üsullardan (rəngli surətçıxarma və ya skaner) istifadə
edilməklə həyata keçirildiyi müşahidə olunur. Belə saxta pullar
bank əməkdaşları və ya avadanlıqlar tərəfindən asanlıqla müəyyən
olunur. Milli pul nişanlarının yüksək texniki göstəriciləri və
təhlükəsizlik elementlərinin etibarlılığı nəticəsində milli pul
nişanlarının saxtalaşdırılma səviyyəsi dünyanın aparıcı valyutaları
və qonşu dövlətlərin valyutaları ilə müqayisədə əhəmiyyətli
dərəcədə aşağı hesab olunur”.

R. Məmmədov xatırladıb ki, 2006-cı ildəki denominasiyadan sonra
tətbiq olunan “Müstəqil Azərbaycan” konsepsiyası 20 yaşını
tamamlayır. Baş direktor bu xüsusda bildirib ki, Azərbaycanın
hazırda tədavüldə olan milli pul nişanı – manat “Müstəqil
Azərbaycan” konsepsiyası mövzusuna həsr olunmaqla 2006-cı ildə
dövriyyəyə buraxılıb:

“Torpaqlarımızın işğaldan azad olunaraq Azərbaycanın ərazi
bütövlüyünün və suverenliyinin bərpa edilməsi ölkəmizin regionda və
dünyada siyasi-iqtisadi səviyyədə yeni bir müstəviyə qədəm
qoymasını şərtləndirib. Bu da öz növbəsində əsas dövlətçilik
atributlarından olan milli pul nişanlarımızın yeni dövrə və
çağırışlara uyğunlaşdırılması məsələsini gündəmə gətirib. Mərkəzi
Bank tərəfindən 2024-cü il tarixində yeni nəsil milli pul
nişanlarının konsepsiya mövzusunu və nominallar üzrə alt mövzuları
müəyyənləşdirmək üçün ictimai sorğu keçirilib və növbəti mərhələdə
yeni konsepsiyada pul nişanlarının dizaynlarının və onların
təhlükəsizlik sistemlərinin yaradılması ilə bağlı işlərə başlanması
nəzərdə tutulur. Qeyd edək ki, beynəlxalq təcrübədə yeni
konsepsiyanın yaradılması üzrə işlər mərkəzi banklar tərəfindən
təqribən 2 ildən 4 ilədək müddətdə həyata keçirilir. Təbii ki, hər
hansısa dəyişikliklər barədə məlumat Mərkəzi Bank tərəfindən
öncədən ictimaiyyətə təqdim olunacaq”.

R. Məmmədov həmçinin yararsız pulların dəyişdirilməsi xidmətinin
birbaşa operator banklara (ABB, Kapital Bank) ötürülməsinin
nəticələrindən də danışıb. O qeyd edib ki, əhalinin bu xidmətə
əlçatanlığının artırılması məqsədilə milli pul nişanlarının
dəyişdirilməsi cari ilin mart ayından etibarən operator bankların:
“Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC-nin ölkə
ərazisində fəaliyyət göstərən filial və şöbələri tərəfindən təmin
olunur:

“Hazırda bu bankların bütün filial və şöbələri tərəfindən
əhalinin müraciətləri tam olaraq qarşılanır. Qeyd edək ki, bu
xidmət ödənişsiz əsasda həyata keçirilir. Bu dəyişiklik
vətəndaşlara seçim imkanı verməklə, həm də zamanlarına qənaət
etməyə, operativ surətdə xidmətdən yararlanmağa dəstək
göstərir”.

Son dövrlərdə qiymətli metal bazarlarında müşahidə olunan qiymət
volatilliyi fonunda investisiya pul nişanlarına maraq artır. Baş
direktor Mərkəzi Bank tərəfindən tədavülə buraxılan investisiya pul
nişanlarının üstünlükləri, satış və geri alış mexanizmləri barədə
isə suala cavabında bildirib:

“Bildiyiniz kimi, Mərkəzi Bank tərəfindən Ulu Öndər Heydər
Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ilk dəfə
2023-cü ildə yüksək əyarlı qızıldan hazırlanmış və dizaynı yerli
mütəxəssislər tərəfindən işlənmiş investisiya pul nişanları, 1 troy
unsiya, 1/2 troy unsiya, 1/4 troy unsiya və 1/10 troy unsiya
olmaqla müxtəlif çəkilərdə tədavülə buraxılıb. Bu pul nişanları
Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş
vasitəsi hesab edilir.

Müxtəlif çəkilərdə təqdim olunan investisiya pul nişanları üzrə
geniş seçim imkanları, eləcə də effektiv geri alış mexanizminin
mövcudluğu bu alətlərin dövriyyəsinin səmərəli təşkilinə və
istifadəsinin daha geniş yayılmasına əlverişli şərait yaradır.
İnvestisiya pul nişanlarının əhali üçün əlçatanlığının artırılması
məqsədilə satış və geri alış əməliyyatlarının satış agentləri
vasitəsilə həyata keçirilməsi xidmətlərin operativliyini
yüksəltməyə və prosesin şəffaflığını təmin etməyə yönəlib”.

R. Məmmədov qeyd edib ki, hazırda bu pul nişanlarının satışı və
geri alışı Mərkəzi Bank tərəfindən satış agentləri kimi müəyyən
edilmiş “TuranBank” ASC və “Bank of Baku” ASC vasitəsilə təşkil
olunur.

“Satış agentləri tərəfindən geri alınan investisiya pul
nişanlarının ekspertizası təşkil edilir və vətəndaşlardan geri
alınan pul nişanlarının dəyəri həmin gün ödənilir. Qeyd etdiyim
məqamlar investisiya pul nişanlarının həm etibarlı investisiya
aləti kimi cəlbediciliyini artırır, həm də əhalinin qızıla
əsaslanan yığım və investisiya imkanlarının genişlənməsinə xidmət
edir”, – deyə AMB rəsmisi fikrini yekunlaşdırıb.