Azərbaycan şahmatçıları dünya çempionatında iki qızıl medal qazanıblar

Baş səhifə

Bakı. Trend:

İtaliyanın Montesilvano şəhərində 14, 16 və 18 yaşadək qız və
oğlanlar arasında şahmat üzrə dünya çempionatında son turun
partiyaları oynanılıb.

Son tur ərəfəsində 14 yaşadək qızlar arasında yarışda lider
mövqeyini qoruyan Zəhra Allahverdi çempionluğunu rəsmiləşdirib.
11-ci turda Türkiyə şahmatçısı Tuana Abakla heç-heçə oynayan Zəhra
9 xal toplamaqla dünya birinciliyinin qızıl medalına layiq
görülüb.




Azərbaycan şahmatçılarından növbəti qızıl medalı 16 yaşadək
kateqoriyasında çıxış edən gənc istedad Xaqan Əhməd əldə edib.
Dünya çempionatı ərzində inamlı mübarizə sərgiləyən 14 yaşlılar
arasında Avropa çempionu 11-ci turda FIDE təmsilçisi Qleb Şeqlovu
məğlub edib. 11 turdan sonra aktivində 9,5 xalı olan Xaqan Əhməd
karyerasında ilk dəfə dünya çempionu titulunu qazanıb.

83 ölkədən 750-dən çox şahmatçının mübarizə apardığı dünya
çempionatında Azərbaycan şahmatçıları iki dəfə fəxri kürsünün ən
yüksək pilləsinə qalxacaq və onların şərəfinə Dövlət Himni
səsləndiriləcək.