ICEC rəhbəri Azərbaycanla imzalanmış sazişlərin təsərrüfatlarını açıqlayıb

Baş səhifə

Bakı. Trend:

İslam İnkişaf Bankı Qrupu Azərbaycanın iqtisadi inkişafına
dəstəyini bundan sonra da genişləndirmək niyyətindədir.

Bunu İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə
İslam Korporasiyasının (ICIEC) baş direktoru, Özəl Sektorun
İnkişafı üzrə İslam Korporasiyasının (ICD) baş direktorunun
səlahiyyətlərini icra edən Xalid Xalafalla Bakıda keçirilən İslam
İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində
jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycanla əməkdaşlıq üzrə imzalanmış yeni sazişlər və
gələcək perspektivlər barədə açıqlama verib. Onun sözlərinə görə,
Özəl Sektor Forumu çərçivəsində müxtəlif Azərbaycan qurumları ilə
ümumilikdə beş əməkdaşlıq sazişi imzalanıb: “Bu gün İslam İnkişaf
Bankı Qrupunun illik toplantısı çərçivəsində Özəl Sektor Forumunun
açılışı oldu. Açılış mərasimində İslam İnkişaf Bankı Qrupunun
sədri, eləcə də Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov
iştirak edirdi. Forum çərçivəsində beş saziş imzaladıq”.

O qeyd edib ki, imzalanan sənədlər enerji, maliyyə və
investisiya sahələrində əməkdaşlığın genişlənməsinə xidmət edəcək:
“ICD SOCAR ilə enerji sektoru, o cümlədən bərpa olunan enerji
sahəsində maliyyələşmə imkanlarının araşdırılması və inkişafı üzrə
anlaşma memorandumu imzalayıb. Eyni zamanda Azerconnect ilə də
əməkdaşlıq sazişi bağlanıb”.

Xalid Xalafalla əlavə edib ki, ICD həmçinin TuranBank ilə 20
milyon ABŞ dolları məbləğində müddətli maliyyə sazişi imzalayıb:
“Bundan əlavə, TuranBank ilə 20 milyon dollarlıq müddətli maliyyə
sazişi imzalandı”.




Onun sözlərinə görə, Türk İnvestisiya Fondu ilə imzalanan
çərçivə sazişi regionda investisiya imkanlarının
genişləndirilməsinə xidmət edəcək: “Turkic Investment Fund ilə
imzalanan çərçivə sazişi Mərkəzi Asiyada potensial investisiyaların
cəlb olunmasına və resursların səfərbər edilməsinə dəstək
verəcək”.

Həmçinin ICD Azərbaycan Biznesin İnkişafı Fondu ilə də
əməkdaşlığa dair çərçivə sazişi imzalayıb: “Azerbaijan Business
Development Foundation ilə imzalanan saziş Azərbaycan və regionda
resursların səfərbər olunması üçün yeni imkanlar açacaq”.

Xalid Xalafalla çıxışında İslam İnkişaf Bankı Qrupu ilə
Azərbaycanın uzunmüddətli əməkdaşlıq tarixindən də bəhs edib. O
bildirib ki, ICIEC ölkənin iqtisadi layihələrinin sığortalanmasında
fəal iştirak edir: “Azərbaycan 2023-cü ildə ICIEC-ə 49-cu üzv kimi
qoşulub. O vaxtdan bəri ümumilikdə 164 milyon dollarlıq biznes
sığortalanıb. Son dövrlərdə telekommunikasiya sektorunda mühüm bir
layihənin sığortalanmasını həyata keçirmişik”.

O, həmçinin nəqliyyat və infrastruktur sahəsində əməkdaşlığın
perspektivlərini vurğulayıb:

“Gələcəkdə xüsusilə nəqliyyat və infrastruktur layihələrini
dəstəkləmək imkanlarımız var. Keçmişdə Qazaxıstandan Azərbaycana
lokomotivlərin ixracını dəstəkləmişik və bu layihə bizim üçün mühüm
nümunədir”.