
Bakı. Trend:
Azərbaycan regional ticarət və investisiyalar üçün mühüm hab
kimi mövqeyini gücləndirir.
Trend-in
tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu İxracın və
İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru
Yusif Abdullayev Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB)
Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunan
“Regional rifah üçün ticarət və investisiyaların risklərinin
azaldılması” mövzusunda çıxışında deyib.
O, Azərbaycanın regional iqtisadi inteqrasiya, ticarət və
investisiya imkanlarının genişləndirilməsi istiqamətində mühüm
strateji mövqeyə malik olduğunu bildirib.
İcraçı direktor qeyd edib ki, hazırkı qlobal iqtisadi mühitdə
geosiyasi gərginliklər, təchizat zəncirində pozuntular, iqlim
dəyişiklikləri və maliyyə qeyri-sabitliyi kimi çağırışlar fonunda
risklərin səmərəli idarə olunması iqtisadi sabitliyin əsas
elementinə çevrilib.
“Azərbaycan regional bağlantıları və əmtəə əməkdaşlığını
uzunmüddətli rifahın əsas hərəkətverici qüvvələrindən biri kimi
görür. Ölkəmiz enerji və tranzit sahəsində strateji mərkəz kimi
mövqeyini möhkəmləndirib və eyni zamanda beynəlxalq ticarət və
investisiyalar üçün də regional hub olmağı hədəfləyir”, – deyə o
bildirib.
Y. Abdullayevin sözlərinə görə, həyata keçirilən infrastruktur
layihələri və iqtisadi islahatlar Azərbaycanın Şərq–Qərb və
Şimal–Cənub nəqliyyat dəhlizlərində mühüm rolunu daha da
gücləndirib. Onun qeyd etdiyinə görə, 2020–2025-ci illər arasında
Azərbaycanın ümumi ticarət dövriyyəsi 24,5 milyard dollardan 49,4
milyard dollara yüksələrək iki dəfədən çox artıb.
O vurğulayıb ki, ölkə iqtisadiyyatın şaxələndirilməsi
istiqamətində də fəal siyasət həyata keçirir:
“Enerji sektoru hələ də iqtisadiyyatın əsas sütunlarından
biridir, lakin bizim baxışımız bundan daha genişdir. Biz sənaye
zonaları vasitəsilə əczaçılıq, toxuculuq, ağır və yüngül sənaye,
maşınqayırma kimi sahələrdə yeni imkanlar yaradırıq”.
İcraçı direktor, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət
Limanının Xəzər regionunda əsas logistika mərkəzlərindən birinə
çevrildiyini, Bakı–Tbilisi–Qars dəmir yolunun isə Asiya ilə Avropa
arasında birbaşa və sürətli nəqliyyat bağlantısı yaratdığını
bildirib.
Onun sözlərinə görə, rəqəmsal infrastruktur, innovasiya
ekosistemləri və insan kapitalına yatırımlar da Azərbaycanın bilik
əsaslı iqtisadiyyata keçidini sürətləndirir.
“Lakin yalnız sərt infrastruktur kifayət etmir. Tənzimləyici
fərqliliklər, maliyyəyə çıxış məhdudiyyətləri və institusional
çətinliklər hələ də regional ticarətə təsir göstərir. İnvestorlar
üçün isə etimad, proqnozlaşdırıla bilən mühit və risklərdən qorunma
vacibdir”, – deyə o qeyd edib.
Y. Abdullayev əlavə edib ki, son illərdə Azərbaycan gömrük
sistemlərinin modernləşdirilməsi, rəqəmsal ticarət platformalarının
genişləndirilməsi, sərhəd prosedurlarının sadələşdirilməsi və
qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində mühüm
addımlar atıb.
O bildirib ki, əlavə investisiyaların cəlbi üçün risklərin
azaldılması mexanizmləri xüsusi əhəmiyyət daşıyır:
“Bu kontekstdə İslam İnkişaf Bankı Qrupuna daxil olan İslam
İnvestisiya Sığortası və İxrac Kreditlərinin Sığortalanması
Korporasiyası (ICIEC) kimi qurumlar investisiya və ticarət
risklərinin azaldılmasında mühüm rol oynayır”.

