ABŞ-İran sülh xəbəri neft bazarını silkələdi: qiymətlər ucuzlaşdı

Baş səhifə

Bakı. Trend:

ABŞ və İran arasında mümkün sülh sazişi ilə bağlı yayılan
məlumatlar qlobal enerji bazarlarında ciddi dalğalanmaya səbəb
olub.

Birja məlumatlarına əsasən, investorların Yaxın Şərqdə
gərginliyin azalacağına dair gözləntiləri fonunda dünya bazarında
neft qiymətləri kəskin ucuzlaşıb.

Bakı vaxtı ilə saat 10:40-a olan məlumata görə, Londonun ICE
birjasında “Brent” markalı neftin avqust fyuçersləri 4,09 dollar və
ya 4,68 faiz ucuzlaşaraq bir barel üçün 83,24 dollara düşüb.
Əvvəlki ticarət sessiyasında da “Brent” markalı neft 3,05 dollar və
ya 3,37 faiz dəyər itirərək 87,33 dollar səviyyəsində
qərarlaşıb.

Nyu-York Ticarət Birjasında (NYMEX) isə iyul ayına çatdırılma
ilə WTI markalı xam neftin fyuçersləri 4,27 dollar və ya 5,03 faiz
azalaraq bir barel üçün 80,61 dollar olub. Əvvəlki sessiyada WTI
markalı neftin qiyməti 2,83 dollar və ya 3,23 faiz geriləyərək
84,88 dollar təşkil etmişdi.

Ekspertlərin fikrincə, bazarda əsas təzyiq ABŞ və İran arasında
münasibətlərin normallaşacağı ilə bağlı xəbərlərdən qaynaqlanır.
Analitiklər hesab edir ki, tərəflər arasında mümkün razılaşma əldə
olunarsa, İran neftinin beynəlxalq bazara daha geniş həcmdə
qayıtması mümkün olacaq. Bu isə qlobal təklifin artmasına və
qiymətlərin aşağı düşməsinə səbəb olur.




Bununla yanaşı, Hörmüz boğazının yenidən tam fəaliyyətə
başlayacağına dair xəbərlər də bazardakı panikanı azaldıb. Bu amil
də enerji bazarlarında risklərin azalması kimi
qiymətləndirilib.

Qeyd edək ki, son günlər Yaxın Şərqdə artan hərbi və siyasi
gərginlik səbəbindən neft qiymətləri sürətlə yüksəlmişdi. Lakin
Vaşinqton və Tehran arasında diplomatik kanalların aktivləşməsi ilə
bazarlarda vəziyyət əks istiqamətdə dəyişməyə başlayıb.

Əlavə edək ki, iyunun 13-də açıqlanan məlumata əsasən,
Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti İtaliyanın
Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 6,35 ABŞ
dolları və ya 6,57% ucuzlaşaraq 90,50 ABŞ dollarına enib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta
qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.