Hansı mövsümi meyvələr allergiya yaradır? – Açıqlama

Baş səhifə

Bakı. Trend:

Yaz və yay aylarında bəzi mövsümi meyvələr bəzi insanlarda
allergik reaksiyalara səbəb ola bilər. Bu reaksiyalar bəzən qida
zəhərlənməsi ilə qarışdırılır. Bəs meyvə allergiyasının əsas səbəbi
nədir, hansı əlamətlərlə özünü göstərir və onu zəhərlənmədən necə
fərqləndirmək olar?

Meyvə allergiyasının əsas səbəbi tərkibindəki
zülallardır

Pulmonoloq-allerqoloq həkim Aynur Məmmədova Trend-ə açıqlamasında
bildirib ki, mövsümi meyvələrin allergiya yaratmasının əsas səbəbi
onların tərkibində olan zülallardır. Həkimin sözlərinə görə,
allergiya orqanizmin müəyyən maddəyə qarşı həddindən artıq immun
reaksiyasıdır.

“Bəzi insanların orqanizmi meyvənin tərkibindəki zülalları
normal qəbul edir. Allergiyaya meyilli şəxslərdə isə immun sistem
həmin zülalları yad maddə kimi qəbul edir və buna qarşı güclü
müdafiə reaksiyası yaradır”.

Həkim meyvə allergiyası ilə qida zəhərlənməsinin
fərqlərini də izah edib:

“Meyvə allergiyasını qida zəhərlənməsindən fərqləndirən bir sıra
xüsusiyyətlər var. Əsas fərqlərdən biri zaman amilidir. Qida
allergiyası zamanı meyvə qəbulundan qısa müddət sonra qaşınma,
səpkilər, dildə şişkinlik, nəfəs darlığı kimi əlamətlər meydana
çıxa bilər. Zəhərlənmə zamanı isə simptomlar adətən daha gec
başlayır və əsasən həzm sistemi pozğunluqları — ürəkbulanma, qusma,
ishal kimi hallar müşahidə olunur”.

Ən çox allergiya yaradan meyvələr

Onun sözlərinə görə, ən çox allergiya yaradan meyvə isə
çiyələkdir. Buna səbəb çiyələyin qəbulu zamanı bəzi insanlarda
histamin ifrazı artdığı üçün allergik reaksiya yarana bilər.

Daha çox allergiya yaradan meyvələr arasında qarpız, yemiş və
ananası da qeyd etmək olar. Bəzi uşaqlarda kivi, banan və ya
şaftalıya qarşı allergiya müşahidə edilə bilər. Şaftalı allergiyası
olan insanlarda bitkinin tozcuqları da müəyyən reaksiyaları
gücləndirə bilər. Bəzi hallarda isə insan şaftalının adını eşidəndə
belə narahatlıq hiss edə bilər. Bu, artıq allergik reaksiya deyil,
psixoloji və nevroloji amillərlə bağlı yaranan vəziyyətdir. Əgər
şəxs əvvəllər həmin qidadan sonra allergik hal yaşayıbsa, onu
gördükdə və ya düşündükdə də allergiyaya bənzər hisslər yarana
bilər.

“Bəzi meyvələrin bişirilməsi allergiya riskini azalda bilər.
Çünki istilik təsiri nəticəsində zülalların quruluşu dəyişir
(denaturasiya olunur). Məsələn, şaftalı bişirildikdə tərkibindəki
bəzi allergen zülalların təsiri zəifləyə bilər. Meyvələrin yaxşı
yuyulması da onların üzərindəki allergen təsir göstərə bilən
tüklərin və digər maddələrin azalmasına kömək edir”.




Bəzi alllergiyalar həyati təhlükə yarada
bilir

Həkim bildirib ki, meyvə qəbulundan sonra allergik reaksiya
yaşayan şəxslər həmin meyvədən uzaq durmalıdır.

“Dərman qəbul etmək həmin qidanı təhlükəsiz şəkildə yeməyə imkan
vermir. Allergiyanın müalicəsində əsas prinsiplərdən biri
allergendən qorunmaqdır.

Ağır allergik reaksiyalar – anafilaktik hallar isə artıq təcili
tibbi müdaxilə tələb edir. Xüsusilə yaz aylarında həşərat
sancmaları, arı allergiyası, bəzi qida allergiyaları anafilaktik
şoka səbəb ola bilər. Nəfəs darlığı, təzyiqin kəskin enməsi,
başgicəllənmə, ürəkdöyünmənin artması kimi əlamətlər olduqda təcili
tibbi yardıma müraciət edilməlidir”.

Aynur Məmmədova bildirib ki, bəzi allergiyalar zamanla keçə
bilər.

“Məsələn, uşaqlıq dövründə yumurtaya qarşı allergiya sonradan
aradan qalxa bilər. Lakin dəniz məhsullarına qarşı allergiya çox
vaxt ömürboyu davam edə bilər. Bəzi allergiyalar çarpaz
reaksiyalarla da əlaqəli olur. Məsələn, ağcaqayın tozcuqlarına
allergiyası olan şəxslərdə alma kimi bəzi meyvələrə qarşı da
reaksiya yarana bilər.

Meyvə allergiyasını müəyyən etmək üçün allergiya testlərindən
istifadə etmək mümkündür. Lakin bütün allergenləri tam
müəyyənləşdirmək hər zaman mümkün olmur və bu, laborator
imkanlardan da asılıdır”.

Bəs kimlər allergiyaya daha meyillidir?

Həkim qeyd edib ki, uşaqlıqda atopik xüsusiyyətləri olan,
məsələn, ekzema keçirmiş uşaqlar allergik reaksiyalara daha meyilli
ola bilərlər.

“Qorunmaq üçün əsas addım allergendən uzaq durmaqdır. Meyvələri
yaxşı yumaq vacibdir. Çünki bəzi hallarda istixanada yetişdirilən
məhsullarda istifadə olunan kimyəvi maddələr, xüsusilə pestisid
qalıqları da allergik reaksiyalara səbəb ola bilər”, – o qeyd
edib.