
Bakı. Trend:
Ötən gecə ABŞ ordusunun İranın cənub sahillərində bir neçə sahil
nəzarət obyektinə hava zərbələri endirməsi BMT Nizamnaməsinin,
eləcə də İran və ABŞ arasında imzalanan anlaşma memorandumunun 1-ci
müddəasının açıq-aşkar pozulmasıdır.
Bu, İranın Xarici İşlər Nazirliyinin bəyanatında öz əksini
tapıb.
“İran Xarici İşlər Nazirliyi ABŞ ordusunun ötən gecə İranın
cənub sahillərində bir neçə məkana hava zərbələri endirməsini
kəskin şəkildə qınayır. İranın bir neçə sahil nəzarət obyektinin
vurulmasını BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin, eləcə
də müharibəyə son qoyulmasına dair İran və ABŞ arasında imzalanan
İslamabad anlaşma memorandumunun 1-ci müddəasının açıq-aşkar
pozulması hesab edir”, – deyə bəyanatda qeyd olunur.
İran XİN qeyd edir ki, eyni zamanda ABŞ-nin koordinasiyası ilə
İsrailin Livana hücumu anlaşma memorandumunun 1-ci müddəasının
açıq-aşkar pozulmasıdır.
“İran BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq
suverenliyi, təhlükəsizliyi və milli mənafeyini var-gücü ilə
müdafiə edəcək. İran silahlı qüvvələrinin ABŞ-nin mövqelərinə
müdafiə xarakterli zərbələri də bu istiqamətdə baş tutub. Aydındır
ki, yaranan bu vəziyyətlə əlaqədar məsuliyyət ABŞ və İran əleyhinə
hücumlarda hər hansı formada iştirak edən tərəflərin üzərinə
düşür”, – deyə bəyanatda qeyd olunur.
XİN qeyd edib ki, İran Fars körfəzinin cənub hissəsində yerləşən
ölkələrin İrana hücum etmək istiqamətində öz ərazilərindən istifadə
olunmasının qarşısının alınmasına dair beynəlxalq hüquq normaları
və yaxşı qonşuluq prinsipinə riayət etmələrini istəyir.
XİN əlavə edib ki, İran BMT, BMT Təhlükəsizlik Şurasının baş
katiblərindən və başqa beynəlxalq məsuliyyətli dairələrdən BMT
Nizamnaməsinin prinsiplərinin açıq-aşkar şəkildə pozulmasına
etinasız yanaşmamalarını istəyir.
Qeyd edək ki, ötən gecə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi
Komandanlığı (CENTCOM) Hörmüz bğazında kommersiya gəmisinə edilən
hücuma cavab olaraq İran ərazisinə zərbələr endirdiyini
açıqlayıb.
İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) da ABŞ ordusunun
hücumlarına cavab olaraq Birləşmiş Ştatları ordusunun bölgədəki
yerləşmə məntəqələrinə zərbələr endirib.
Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə atəşkəs razılaşması əldə olunub.
18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb.
Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti
Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə
minib.
21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan
və Qətərin vasitəçiliyi ilə baş tutub.

