“Nissan” 600 mindən çox avtomobili geri çağırır

Baş səhifə

Bakı. Trend:

“Nissan Motor” şirkəti litium-ion batareyasının idarəetmə
blokunda aşkar olunmuş nasazlıq səbəbindən 600 595 avtomobili əhatə
edən geriçağırma kampaniyasına start verib.

Bu barədə Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm
Nazirliyinə rəsmi məlumat təqdim olunub.

Geriçağırma 2020-ci ilin noyabrından 2026-cı ilin aprelinədək
istehsal edilən “Note”, “Note Aura” və “X-Trail” hibrid modellərinə
şamil edilir.




Məlumata əsasən, batareyanın elektron idarəetmə blokunun proqram
təminatındakı qüsur mexaniki nasazlıqlar barədə yanlış siqnallar
yarada bilər. Bu isə avtomatik sistemin mühərrikə verilən elektrik
enerjisini məhdudlaşdırmasına, bəzi hallarda isə mühərriki tamamilə
söndürməsinə səbəb olur. Nəticədə avtomobil hərəkət zamanı
gözlənilmədən dayana bilər.

İndiyədək bu problemlə bağlı 452 müraciət qeydə alınıb. Bundan
başqa, maddi zərərlə nəticələnən bir hadisənin baş verdiyi
bildirilsə də, xəsarət alanların olduğu barədə məlumat
açıqlanmayıb.

Şirkət problemin aradan qaldırılması məqsədilə geriçağırma
kampaniyasına daxil olan bütün avtomobillərdə batareyanın idarəetmə
sisteminin proqram təminatını ödənişsiz şəkildə yeniləyəcəyini
açıqlayıb.