27 İyun – Mikro, Kiçik və Orta Müəssisələr Günü: dünyanı dəyişən KOB-lar

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda sahibkarlıq subyektlərinin 99,7%-ni mikro, kiçik və
orta biznes (KOB) subyektləri təşkil edir. Dünyada isə fəaliyyət
göstərən hər 10 müəssisədən 9-u KOB-dur. 27 İyun – Beynəlxalq
Mikro, Kiçik və Orta Müəssisələr Günündə KOB-ların iqtisadi artım,
məşğulluq, innovasiya və dayanıqlı inkişafda oynadığı mühüm rol bir
daha diqqət mərkəzinə gəlir.

BMT Baş Assambleyasının 2017-ci ildə qəbul etdiyi qətnamə ilə
təsis olunmuş Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Günü
KOB-ların iqtisadi inkişafın sürətləndirilməsinə, yeni iş
yerlərinin yaradılmasına, innovasiyaların təşviqinə və Dayanıqlı
İnkişaf Məqsədlərinə töhfəsinin artırılmasına diqqəti yönəltmək
məqsədi daşıyır.

Hazırda dünyada fəaliyyət göstərən müəssisələrin təxminən 90%-ni
KOB-lar təşkil edir. Onlar qlobal məşğulluğun 70%-dən çoxunu təmin
edir və bir çox ölkələrdə yeni yaradılan iş yerlərinin əsas
hissəsini formalaşdırırlar.

Rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat və texnoloji
yeniliklərin biznes mühitini sürətlə dəyişdiyi bir dövrdə KOB-lar
çevikliyi, yeniliklərə operativ uyğunlaşma qabiliyyəti və
innovasiya potensialı ilə iqtisadiyyatın ən dinamik seqmentlərindən
biri kimi çıxış edir. Azərbaycanda da KOB-lar iqtisadiyyatın əsas
sütunlarından biridir. Onlar əsasən ticarət, nəqliyyat və anbar
təsərrüfatı, turizm, ictimai iaşə, sənaye, daşınmaz əmlak, təhsil
və digər sahələrdə fəaliyyət göstərərək ölkənin iqtisadi
fəallığının artırılmasına, məşğulluğun təmin edilməsinə və
qeyri-neft sektorunun inkişafına töhfə verirlər.




Ölkə sahibkarları, xüsusilə KOB subyektləri dövlətin geniş
dəstək tədbirləri ilə əhatə olunub. Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi (KOBİA) yeni KOB-ların yaradılmasını və mövcud
bizneslərin inkişafını müxtəlif dəstək mexanizmləri və alətləri
vasitəsilə təşviq edir. Belə ki, 2018-2025-ci illərdə KOBİA
tərəfindən:

  • Hazırda 5 KOB evi (Bakı, Gəncə, Xaçmaz, Yevlax
    və Şuşa şəhərləri) və 1 xidmət mərkəzi (Xaçmaz
    rayonunun Xudat şəhəri) fəaliyyət göstərir. Müvafiq dövrdə KOB
    evlərində sahibkarlara 1,5 milyona yaxın xidmət
    təqdim edilib;
  • 56 “KOB dostu” ofisi fəaliyyət göstərir;
  • 129 layihəyə 2,2 mln. manatdan
    çox
    qrant ayrılıb;
  • 247 “Startap” şəhadətnaməsi verilib;
  • 82 sərgi və yarmarkada
    2000-dək KOB-un iştirakı dəstəklənib;
  • 140-dək KOB-un ticarət şəbəkələrinə çıxışına
    dəstək göstərilib;
  • 70 daxili bazar araşdırması aparılıb;
  • 5200-dən çox ödənişsiz təlim keçirilib;
  • 93000 saatdan çox ödənişsiz məsləhət xidməti
    göstərilib;
  • 2800-ə yaxın biznes plan hazırlanıb;
  • 3 kommersiya hüquqi şəxsə KOB klaster
    şirkətinin şəhadətnaməsi verilib;
  • 700-dən çox sahəvi görüş, maarifləndirmə
    tədbiri və ictimai müzakirələr təşkil olunub.

Bu dəstək mexanizmləri nəticəsində minlərlə sahibkarın biznes
qurmasına və fəaliyyətini genişləndirməsinə, yeni məhsul və
xidmətlərin yaranmasına və bazara çıxarılmasına, məşğulluğun
artmasına töhfə verilib.

KOB-ların inkişafı ölkə iqtisadiyyatının şaxələndirilməsi,
rəqabət qabiliyyətinin artırılması və dayanıqlı iqtisadi artımın
təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Bu baxımdan KOB-ların
dəstəklənməsi iqtisadi siyasətin prioritetlərindən biri olaraq
qalır.