İdentifikasiya başa çatmadan nəticə əldə edilməsi çətin olacaq – Komitə sədri

Baş səhifə

Bakı. Trend:

Aqrar siyasət mahiyyət etibarilə kənd təsərrüfatında iqtisadi
siyasətdir. Buna görə də kənd təsərrüfatının inkişafına ilk növbədə
iqtisadi baxımdan yanaşmalıyıq. Burada əsas məsələlərdən biri olan
səmərəlilik məhsuldarlığın artırılması, bu isə yeni
texnologiyaların tətbiq ilə bağlıdır.

Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu Milli Məclisin İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov
parlamentin Aqrar siyasət komitəsində keçirilən “Azərbaycan
Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura
məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair
2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr
barədə ictimai dinləmədə deyib.

Komitə sədri bildirib ki, kənd təsərrüfatının səmərəliliyindən
danışarkən əkin sahələrinin strukturunun təkmilləşdirilməsi xüsusi
əhəmiyyət kəsb edir:

“Burada vacib suallardan biri ondan ibarətdir ki, məhsuldarlıq
əhəmiyyətli dərəcədə artacağı təqdirdə əkin strukturu necə
dəyişəcək? Taxıl altında olan sahələrin bir hissəsində hansı
alternativ və daha gəlirli bitkiçilik istiqamətləri inkişaf
etdiriləcək? Təsadüfi deyil ki, 1970-1980-ci illərdə aqrar
siyasətin əsas istiqamətlərindən biri məhz gəlirli sahələrin
inkişaf etdirilməsi idi. Bunun nəticəsində kənd rayonlarında
məşğulluq və rifah səviyyəsinin yüksəlməsi təmin olunmuşdu. Bu gün
də həmin yanaşmanın davam etdirilməsi vacibdir”.

Millət vəkili vurğulayıb ki, dövlət dəstəyi və subsidiyalar kənd
təsərrüfatında istehsal xərclərinin müəyyən hissəsinin kompensasiya
olunması məqsədini daşıyır:




“Lakin bəzən belə təsəvvür yaranır ki, kənd təsərrüfatında
gəlirlilik yalnız subsidiyalar hesabına formalaşır. Əslində
subsidiyalar inkişafı stimullaşdırmalı və istehsalçıların rəqabət
qabiliyyətini artırmalıdır. Bəzən müşahidə edirik ki,
subsidiyalaşdırma mexanizmləri nəticəsində müəyyən rayonlarda
ənənəvi ixtisaslaşma istiqamətlərindən kənara çıxılaraq geniş taxıl
əkinləri aparılır. Halbuki həmin ərazilərin təbii-iqlim şəraiti
başqa məhsullar üçün daha əlverişlidir. Buna görə də
subsidiyalaşdırma ilə ixtisaslaşma prinsiplərinin düzgün
uzlaşdırılması vacibdir”.

A.Əmiraslanovun fikrincə, elektron kənd təsərrüfatı sistemi ilə
bağlı proses tam şəkildə başa çatdırılmalıdır. Elektron kənd
təsərrüfatı yalnız fermerlərin qeydiyyatı deyil, eyni zamanda
torpaqların identifikasiyası və elektron uçot sisteminin
formalaşdırılması deməkdir. Torpaqların identifikasiyası tam başa
çatdırılmadan subsidiyalaşdırma siyasətində arzu olunan nəticələrin
əldə edilməsi çətin olacaq.

Parlamentari əlavə edib ki, institusional islahatlarla bağlı da
müəyyən suallar mövcuddur:

“Qarşıya qoyulan yeni və ambisiyalı hədəflər fonunda mövcud
idarəetmə strukturlarının bu vəzifələri tam şəkildə yerinə yetirmək
imkanları qiymətləndirilməlidir. Bu gün Kənd Təsərrüfatı
Nazirliyinin fəaliyyət istiqamətlərinə artıq balıqçılıq və
akvakultura sahələri də daxildir. Eyni zamanda beynəlxalq təcrübədə
aqrar idarəetmənin əhatə etdiyi digər istiqamətlər də nəzərə
alınmalıdır. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün
institusional strukturun davamlı şəkildə təkmilləşdirilməsi
vacibdir”.