
Bakı. Trend:
İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları
çərçivəsində keçirilən 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda
dayanıqlı inkişaf naminə maliyyələmə məsələləri müzakirə
olunub.
Bu barədə Azərbaycanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik
Toplantıları çərçivəsində Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri
(DİM) Dialoqu keçirilib.
Dialoq çərçivəsində islam maliyyəsi, rəqəmsal maliyyə, ticarət
maliyyəsi və investisiya mexanizmlərinin DİM-lərin
maliyyələşdirilməsində rolu, eləcə də özəl kapitalın səfərbər
olunması, regional investisiya axınlarının genişləndirilməsi və
sərhədlərarası əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə
edilib. Tədbir İslam İnkişaf Bankına üzv ölkələr arasında təcrübə
mübadiləsinin təşviqi, innovativ maliyyələşdirmə alətlərinin
tətbiqi və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına töhfə
verəcək tövsiyələrin formalaşdırılması baxımından əhəmiyyət kəsb
edir.
Tədbirin açılış hissəsində iqtisadiyyat nazirinin müşaviri,
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının icraçı katibi
Hüseyn Hüseynov Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsi
üçün innovativ maliyyə alətlərinin və çoxtərəfli əməkdaşlığın
vacibliyini qeyd edib. O, Azərbaycanın dayanıqlı maliyyə sahəsində
həyata keçirdiyi təşəbbüslər və yaşıl investisiyaların təşviqi
istiqamətində görülən işlər barədə məlumat verib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin
səlahiyyətlərini icra edən Nasar Hayat, Qvineya Respublikasının
planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri İsmael Nabe,
Milli Məclisin deputatı Məzahir Əfəndiyev çıxış edərək dayanıqlı
inkişaf məqsədlərinin maliyyələşdirilməsi, beynəlxalq əməkdaşlığın
gücləndirilməsi və innovativ maliyyə alətlərinin əhəmiyyəti barədə
fikirlərini bölüşüblər.
Dialoq çərçivəsində dayanıqlı inkişaf məqsədlərinin
maliyyələşdirilməsi üçün borc dayanıqlılığının təmin edilməsi,
beynəlxalq inkişaf əməkdaşlığının gücləndirilməsi və daxili
resursların səfərbər olunması məsələləri müzakirə olunub. Həmçinin,
dayanıqlı inkişaf naminə özəl kapitalın cəlb edilməsində
sərhədlərarası investisiya axınlarının, regional kapital
bazarlarının, islam maliyyəsi alətlərinin və ticarət maliyyəsi
mexanizmlərinin rolu ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı innovativ maliyyələşdirmə alətlərinin tətbiqi,
yaşıl və dayanıqlı maliyyənin təşviqi, eləcə də inkişaf etməkdə
olan ölkələrdə dayanıqlı inkişaf məqsədlərinin maliyyələşdirilməsi
üçün yeni əməkdaşlıq imkanları diqqət mərkəzində olub.

