
Bakı. Trend:
İyunun 7-də “Aşqabad” Kinoteatrında “Arşın mal alan” tammetrajlı
bədii filminin nümayişi olub.
Mədəniyyət Nazirliyindən Trend-ə bildirilib ki, görkəmli
rejissor, Xalq artisti Tofiq Tağızadənin dahi bəstəkar Üzeyir
Hacıbəylinin eyniadlı operettası əsasında 1965-ci ildə lentə aldığı
“Arşın mal alan” filmi qısa müddət ərzində ölkəmizdə və xaricdə
geniş tamaşaçı rəğbəti qazanıb.
Filmdə hadisələr XX əsrin əvvəllərində Bakıda cərəyan edir.
Varlı gənc tacir Əsgər evlənmək istəsə də, dövrün adət-ənənələri
ona gələcək həyat yoldaşını əvvəlcədən görməyə imkan vermir. Buna
görə də o, arşınmalçı qiyafəsinə girərək sevdiyi qızı tapmağa
çalışır. Film məhəbbət, ailə dəyərləri və dövrün sosial
münasibətlərini yumor və musiqi dili ilə təqdim edir. Əsər
Azərbaycan kino tarixinin ən məşhur musiqili ekran nümunələrindən
hesab olunur.
Ssenari müəllifi Tofiq Tağızadə və Muxtar Dadaş olan ekran
əsərində Azərbaycanın tanınmış aktyorları rol alıb.

