Ermənistanda seçki yarışı: Qərb və Rusiyanın nüfuz savaşı dərinləşir – Şərh

Baş səhifə

Bakı. Trend:

Ermənistanda növbəti parlament seçkiləri yaxınlaşdıqca
ölkədaxili siyasi proseslərin adi hakimiyyət-müxalifət
mübarizəsindən daha geniş məna kəsb etdiyi aydın görünür.

Bunu Trend
açıqlamasında Milli Məclisin deputatı Vüqar
İskəndərov
deyib.

Millət vəkili bildirib ki, bu gün Ermənistanda baş verənlər
təkcə seçki kampaniyasının gedişi ilə məhdudlaşmır:

“Ölkə faktiki olaraq Qərb və Rusiya arasında təsir dairələri
uğrunda davam edən geosiyasi rəqabətin növbəti meydanına çevrilib.
Məhz buna görə də seçki prosesinin inkişafı həm regionun
təhlükəsizlik mənzərəsi, həm də Ermənistanın gələcək xarici siyasət
istiqamətləri baxımından xüsusi diqqətlə izlənilir”.

Onun sözlərinə görə, son aylarda müşahidə olunan proseslər
göstərir ki, hakimiyyət seçkilərə maksimum səfərbərlik şəraitində
hazırlaşır:

“Dövlət aparatının imkanlarından geniş istifadə olunması, siyasi
rəqiblərə qarşı hüquqi və informasiya təzyiqlərinin artması seçki
mübarizəsinin bərabər rəqabət mühitindən uzaqlaşdığını nümayiş
etdirir. Müxtəlif bölgələrdə dövlət sektorunda çalışan şəxslərin
hakim partiyanın tədbirlərinə cəlb olunması, müxalifətə yaxın
biznes dairələrinin təzyiqlərlə üzləşməsi və sosial alətlərdən
siyasi məqsədlər üçün istifadə edilməsi ilə bağlı yayılan
məlumatlar da bu mənzərəni tamamlayır”.

Deputat vurğulayıb ki, hakimiyyətin əsas rəqiblərindən hesab
olunan siyasi qüvvələrə qarşı aparılan kampaniyalar isə diqqəti
xüsusilə cəlb edir:

“Müxalifətin nüfuzlu simalarına qarşı cinayət işlərinin
açılması, həbslərin həyata keçirilməsi və onların fəaliyyətinin
hüquqi müstəviyə daşınması seçki öncəsi gərginliyin daha da
artdığını göstərir. Belə şəraitdə siyasi mübarizənin ideya və
proqramlar üzərindən deyil, daha çox inzibati və hüquqi resurslar
vasitəsilə aparıldığı təəssüratı formalaşır.

Digər tərəfdən, Ermənistan hakimiyyətinin seçkiöncəsi dövrdə
Qərbdən aldığı siyasi dəstək də nəzərdən qaçmır. İrəvanda keçirilən
beynəlxalq tədbirlər, Avropa siyasi institutlarının ölkəyə artan
marağı, müxtəlif səviyyəli yüksək rütbəli səfərlər və inteqrasiya
mesajları hakimiyyət üçün mühüm siyasi dividend rolunu oynayır.
Rəsmi İrəvan bu platformalardan istifadə edərək daxili auditoriyaya
beynəlxalq legitimlik nümayiş etdirməyə və özünü Qərbin etibarlı
tərəfdaşı kimi təqdim etməyə çalışır. Avropa İttifaqı ilə bağlı
verilən iqtisadi və siyasi vədlər də seçki kampaniyasının mühüm
elementlərindən birinə çevrilib”.

Parlamentari əlavə edib ki, Ermənistanın sürətlə Qərbə
yaxınlaşması Moskvanın sərt reaksiyasını da doğurub. Rusiya uzun
illər təsir imkanlarına malik olduğu bu ölkəni öz geosiyasi
orbitindən uzaqlaşan tərəfdaş kimi qiymətləndirir:

“Buna görə də iqtisadi, informasiya və diplomatik təzyiq
mexanizmlərinin işə salınması təsadüfi deyil. Ermənistan
məhsullarının Rusiya bazarına çıxışında yaranan çətinliklər, sərhəd
keçidlərində süni maneələrin formalaşdırılması və enerji məsələləri
ətrafında səsləndirilən xəbərdarlıqlar Moskvanın istifadə etdiyi
təsir vasitələrinin yalnız bir hissəsidir”.

V.İskəndərovun sözlərinə görə, bununla belə, mövcud vəziyyət
göstərir ki, Ermənistan cəmiyyəti artıq əvvəlki dövrlərlə
müqayisədə daha mürəkkəb seçim qarşısındadır.

“Bir tərəfdə Qərbin təqdim etdiyi yeni siyasi və təhlükəsizlik
perspektivləri, digər tərəfdə isə Rusiyadan iqtisadi asılılığın
yaratdığı reallıqlar dayanır. Seçki kampaniyasının əsas mahiyyəti
də məhz bu dilemma üzərində qurulub. Hazırkı proseslər onu göstərir
ki, Ermənistanda parlament seçkilərinin nəticəsi yalnız hakimiyyət
bölgüsünü müəyyən etməyəcək, eyni zamanda ölkənin gələcək geosiyasi
istiqamətinə dair mühüm qərar rolunu oynayacaq. Bu baxımdan
seçkilər Ermənistanın daxili siyasi hadisəsindən daha çox regional
və beynəlxalq əhəmiyyət daşıyan strateji proses kimi
qiymətləndirilməlidir”, – deyə Milli Məclisin üzvü fikirlərini
yekunlaşdırıb.