Ermənistan Aİ bazarlarına məhsul ixrac edəcək sahibkarlara subsidiyaları təsdiqləyib

Baş səhifə

Bakı.Trend:

Ermənistan hökuməti növbəti iclasında Avropa İttifaqı da daxil
olmaqla müxtəlif bazarlara məhsul ixrac edən sahibkarlar üçün
logistik xərclərin və gömrük ödənişlərinin kompensasiyası şəklində
iki subsidiya layihəsini təsdiqləyib.

Trend Ermənistan
mediasına istinadən xəbər verir ki, iclas hökumətin rəsmi “YouTube”
kanalında canlı yayımlanıb.

Daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə
keçirilən parlament seçkiləri öncəsi aparılan təbliğat kampaniyası
çərçivəsində Rusiyaya məhsul ixracı qadağan edilən ixracatçılara
dəstək vəd edib, hökumətin həmin məhsulların xərclərini
qarşılayacağını və yeni satış bazarlarının tapılmasına kömək
edəcəyini bildirmişdi.




Birinci layihə çərçivəsində istixana şəraitində yetişdirilən
təzə tərəvəz və meyvələrin, eləcə də güllərin ixracı zamanı
logistik xərclərin kompensasiyası üçün subsidiyalar ayrılır.

“Çiyələyin hər kiloqramı üçün subsidiya 775 dram (təxminən 2 ABŞ
dolları), pomidor üçün 275 dram (təxminən 0,75 dollar), bibər üçün
400 dram (təxminən 1 dollar), hər bir gül üçün isə 37 dram
(təxminən 0,1 dollar) təşkil edəcək. Bu proqramdan 2026-cı il 1
iyun–1 iyul tarixləri arasında Ermənistan ərazisindən ixrac həyata
keçirmiş, Ermənistan rezidenti hesab olunan hüquqi şəxslər, fiziki
şəxslər və fərdi sahibkarlar yararlana biləcəklər”, — deyə
Ermənistan İqtisadiyyat nazirinin müavini Arman Xocoyan
bildirib.