
Bakı. Trend:
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda beynəlxalq
gəmiçiliyin təhlükəsizliyinin təmin olunması məqsədilə çoxmillətli
dəniz müdafiə koalisiyasının yaradılması müzakirə edilib.
Bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi məlumat
yayıb.
Məlumata görə, görüşdə 43 ölkənin hərbi nümayəndələri və Avropa
İttifaqından nümayəndə heyəti iştirak edib.
Müzakirələr zamanı dəniz təhlükəsizliyinə təhdidlər, ticarət
gəmilərinə və dəniz infrastrukturuna hücumların qarşısının
alınması, eləcə də gələcək koalisiyanın strukturu, idarəetmə
sistemi və fəaliyyət mexanizmləri nəzərdən keçirilib.
Bildirilib ki, yaradılması planlaşdırılan koalisiya Bab
əl-Məndəb boğazı, Qırmızı dəniz və Ədən körfəzində fəaliyyət
göstərəcək. Təşəbbüsə əsasən, Səudiyyə Ərəbistanı koalisiyanın
təsisçi üzvü və lideri olacaq, həmçinin onun qərargahına ev
sahibliyi edəcək.
Görüşün yekununda iştirakçılar koalisiyanın təsis sənədlərinin
hazırlanması və rəsmi fəaliyyətə başlaması üçün işlərin davam
etdirilməsi barədə razılığa gəliblər.
Birgə bəyanatı Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər,
Pakistan, Türkiyə, Misir, İordaniya, Yəmən, Banqladeş, Nigeriya,
Sudan, Cibuti və Somali olmaqla 14 ölkə imzalayıb.

