
Bakı. Trend:
Avropada son günlər müşahidə olunan qeyri-adi isti hava
şəraitinin başlıca səbəbi fosil yanacaqlardan intensiv istifadə
hesab olunur.
Trend xəbər verir ki,
bu barədə BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının
icraçı katibi Saymon Stil danışıb.
O bildirib ki, problemin əsas mənbəyi neft, qaz və digər fosil
yanacaqların yandırılması, eləcə də meşələrin kütləvi şəkildə məhv
edilməsidir.
Saymon Stil vurğulayıb ki, hazırda yaşanan istilər iqlim
böhranının yaratdığı təhlükələrin ciddi siqnalıdır.
Hazırda Fransanın bir sıra bölgələrində havanın temperaturu
30-35 dərəcə arasında dəyişir, bəzi ərazilərdə isə 39 dərəcəyədək
yüksələcəyi proqnozlaşdırılır.
İspaniyada da temperatur 30 dərəcəni ötüb, bəzi bölgələrdə isə
37 dərəcə isti qeydə alınıb.
Portuqaliyanın əksər hissəsində “sarı” təhlükə xəbərdarlığı elan
edilib. Sinoptiklərin proqnozuna əsasən, temperaturun 38 dərəcəyə
çatacağı gözlənilir.
Böyük Britaniyada isə may ayı üzrə yeni temperatur rekordu qeydə
alınıb — 35,1 dərəcə. Bundan əvvəl Londonda may ayı üçün ən yüksək
göstərici 1922-ci ildə qeydə alınmış 32,8 dərəcə olmuşdu.

