
Bakı. Trend:
Korporativ sosial məsuliyyəti fəaliyyətinin əsas strateji
istiqamətlərindən biri hesab edən “Avrora Qrup”, cəmiyyətdə sosial
həmrəyliyi gücləndirmək məqsədilə növbəti xeyriyyə aksiyasını
həyata keçirib. Şirkət Qurban bayramı ərəfəsində ehtiyacı olan
yüzlərlə ailəyə bayram sovqatı çatdırıb.
Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq
çərçivəsində baş tutan aksiya zamanı qeydiyyatda olan aztəminatlı
ailələrə ərzaq bağlamaları, gündəlik tələbat malları və qurban əti
birbaşa ünvanlarında təslim edilib.
“Avrora Qrup” olaraq hesab edirik ki, biznesin uğuru yalnız
iqtisadi göstəricilərlə deyil, həm də cəmiyyətə verilən real
dəyərlə ölçülür. Şirkətimiz gələcəkdə də KSM prinsiplərinə sadiq
qalaraq bu cür sistemli sosial layihələri və xeyriyyə aksiyalarını
davam etdirəcək.
Məlumat üçün bildirək ki, “Avrora Qrup” ölkənin qida istehsalı,
pərakəndə, tibb, restoran və distributor sektorunun aparıcı
şirkətlərindən biridir. Fəaliyyəti boyunca korporativ sosial
məsuliyyət prinsiplərini əsas korporativ dəyərlərindən biri kimi
qəbul edən şirkət, mütəmadi olaraq cəmiyyətin rifahına yönəlmiş
sosial dəstək layihələri və xeyriyyə təşəbbüsləri həyata
keçirir.

