Böyük Britaniyada anomal istilər davam edir, ölənlər var

Baş səhifə

Böyük Britaniyada rekord isti hava şəraiti ilə bağlı son bir həftə ərzində yeddi nəfər boğularaq həyatını itirib.

The Sunday Mirror qəzetinin məlumatına görə həftəsonu baş verən son hadisələrdə 15 yaşlı yeniyetmə və 55 yaşlı qadın ölüb.

Yeniyetmə Böyük Mançester qraflığındakı Kouberi su anbarına girdikdən sonra itkin düşüb. Daha sonra polis onun meyitini aşkar edib və açıq su hövzələrində çimməyin təhlükələri ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Həmin gün 55 yaşlı qadın isə Qərbi Midlend qraflığında yerləşən kənd parkındakı hovuzda çimərkən boğulub.

Son günlər göllərdə, çaylarda və dənizdə sərinləmək istəyən daha iki yeniyetmə – 13 və 15 yaşlı uşaqlar, həmçinin yaşı 22 ilə 69 arasında dəyişən üç kişi də boğularaq ölüb.

Mütəxəssislərin fikrincə, faciələrin əsas səbəbi yüksək hava temperaturu ilə hələ də soyuq qalan su arasındakı kəskin fərqdən yaranan şokdur. Belə hallarda damarlarda spazm və ya əzələ qıcolmaları baş verə bilər ki, bu da insanın suda nəzarəti itirməsinə səbəb olur.

Son günlər Böyük Britaniyada hava temperaturu iyun ayı üçün tarixi rekord qıraraq 37,3 dərəcəyə çatıb. Buna baxmayaraq, su hövzələri hələ kifayət qədər isinməyib. Məsələn, yeniyetmənin boğulduğu Kouberi su anbarında suyun temperaturu cəmi 13,6-15 dərəcə olub. İngiltərə və Uels sahillərində dəniz suyunun temperaturu da təxminən eyni səviyyədə qalıb.