Prezident İlham Əliyevin liderliyinin daha bir nümunəsi – qlobal şəhərsalma gündəliyi Bakıda formalaşır

Baş səhifə

XXI əsrin yeni siyasi reallığında dövlətlərin qlobal nüfuzu
onların yaratdığı ideyalar, təşəbbüs etdikləri humanitar
platformalar, formalaşdırdıqları etimad mühiti və bəşəriyyət üçün
təklif etdikləri inkişaf modelləri ilə müəyyənləşir. Məhz bu
baxımdan, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13)
Azərbaycanın artıq regional çərçivələri aşan qlobal
siyasi-humanitar güc mərkəzinə çevrildiyini nümayiş etdirən mühüm
hadisə kimi qiymətləndirilməlidir.

Bunu Trend
açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Milli Məclisin deputatı bildirib ki, bu forumun Bakıda
keçirilməsi təsadüfi seçim deyildi:

“Bu, Prezident İlham Əliyev tərəfindən uzun illər ərzində həyata
keçirilən çoxşaxəli strateji siyasətin məntiqi nəticəsi,
Azərbaycanın təhlükəsizlik, humanizm, inkişaf və sülh platformasına
çevrilməsinin beynəlxalq təsdiqi idi.
WUF13-ün digər analoji platformalardan əsas fərqi ondadır ki, Bakı
Forumu urbanizasiya məsələlərini yalnız texniki və memarlıq
aspektindən deyil, həm də insan təhlükəsizliyi, sosial ədalət,
postmünaqişə bərpası, ekoloji dayanıqlılıq və humanitar inkişaf
kontekstində təqdim etməyi və Forumun tarixində ilk dəfə olaraq
şəhərsalma anlayışını geosiyasi humanizm modeli ilə birləşdirərək
yeni yanaşma ortaya qoymağı bacardı”.

Elçin Mirzəbəyli qeyd edib ki, Prezident İlham Əliyevin
rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən
“ağıllı şəhər”, “ağıllı kənd”, yaşıl enerji və müasir idarəetmə
layihələri WUF13 çərçivəsində yalnız texnoloji nümunə kimi deyil,
həm də müharibədən çıxmış regionun sülh və inkişaf məkanına
çevrilməsi modeli kimi təqdim olundu:

“Bu isə Azərbaycanın postmünaqişə reabilitasiyası sahəsində
artıq beynəlxalq təcrübə formalaşdırdığını göstərir. Əslində,
Prezident İlham Əliyevin siyasi liderliyinin əsas fərqləndirici
xüsusiyyəti məhz gələcəyi əvvəlcədən görmək, prosesləri hadisələr
baş verdikdən sonra deyil, onların yaranacağı istiqamətdə idarə
etmək bacarığıdır. Azərbaycanın son iyirmi ildən artıq müddətdə
keçdiyi inkişaf yolu bunu bütün çılpaqlığı ilə nümayiş
etdirir”.

Onun sözlərinə görə, bir zamanlar regionun təhlükəsizlik
riskləri ilə üz-üzə qalan, informasiya müharibələrinin hədəfində
olan Azərbaycan bu gün beynəlxalq platformaların təşkil olunduğu,
qlobal ideyaların müzakirə edildiyi, sivilizasiyalararası dialoqun
aparıldığı mühüm geosiyasi mərkəzə çevrilib. Millət vəkili qeyd
edib ki, bu transformasiyanın arxasında isə yalnız iqtisadi
resurslar deyil, strateji düşüncə, siyasi iradə və uzaqgörən
liderlik dayanır:

“Prezident İlham Əliyevin fəaliyyəti göstərdi ki, müasir dövrdə
qalibiyyət yalnız döyüş meydanında əldə olunmur. Həqiqi qələbə
dövlətin siyasi iradəsini beynəlxalq legitimliyə çevirmək, milli
maraqları qlobal gündəliklə uzlaşdırmaq və xalqın milli birliyini
təmin etmək bacarığıdır.

Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa
etməsi təkcə hərbi zəfər deyildi. Bu, həm də siyasi liderliyin,
strateji səbrin, iqtisadi gücün, diplomatik çevikliyin və milli
həmrəyliyin nəticəsi idi. Prezident İlham Əliyev illərlə davam edən
təzyiqlərə, təhdidlərə, ikili standartlara və beynəlxalq
manipulyasiya cəhdlərinə baxmayaraq, Azərbaycan dövlətinin milli
maraqlarını bir addım belə geri çəkilmədən müdafiə etməyi
bacardı.

Bu gün WUF13 kimi beynəlxalq platformaların Bakıda keçirilməsi
də məhz həmin qətiyyətli siyasətin davamıdır. Çünki qlobal etimad
yalnız güclü dövlətlərə göstərilir. Güclü dövlət isə yalnız
iqtisadi və hərbi resurslarla deyil, siyasi etibarlılığı,
prinsipial mövqeyi və müstəqil siyasəti ilə formalaşır.

Prezident İlham Əliyevin liderliyində diqqət çəkən ən mühüm
məqamlardan biri də humanizm prinsiplərini real siyasətin tərkib
hissəsinə çevirməsidir. Müasir dünyada bir çox hallarda “humanizm”,
“demokratiya”, “insan hüquqları” anlayışları geosiyasi təzyiq
alətinə çevrildiyi halda, Azərbaycan bu prinsipləri praktik inkişaf
modeli şəklində təqdim edir”.

Elçin Mirzəbəyli vurğulayıb ki, işğaldan azad edilmiş şəhərlərin
və kəndlərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma
torpaqlarına qayıdışı, tarixi-mədəni irsin bərpası, dini abidələrin
restavrasiyası və multikultural dəyərlərin qorunması humanizmin
praktik ifadəsidir:

“WUF13 çərçivəsində də məhz bu yanaşma beynəlxalq auditoriyanın
diqqətinə çatdırıldı. Azərbaycan bir daha nümayiş etdirdi ki,
şəhərsalma yalnız binaların inşası deyil, insan ləyaqətinin
bərpası, təhlükəsiz yaşayış mühitinin yaradılması və sosial
ədalətin təmin olunmasıdır.

Prezident İlham Əliyevin siyasətinin əsas mahiyyətini təşkil
edən mühüm amillərdən biri də sülh gündəliyinin ardıcıl şəkildə
irəli aparılmasıdır. Azərbaycan öz tarixi Zəfərindən sonra regionda
yeni qarşıdurma deyil, davamlı təhlükəsizlik və əməkdaşlıq mühiti
formalaşdırmağa çalışdığını açıq şəkildə nümayiş etdirdi.

Bakıda keçirilən beynəlxalq tədbirlər – istər COP29, istər
WUF13, istərsə də digər qlobal platformalar Azərbaycanın artıq
yalnız enerji ixrac edən dövlət deyil, həm də beynəlxalq siyasi
dialoq məkanı olduğunu göstərir. Bu isə Prezident İlham Əliyevin
uzun illər ərzində həyata keçirdiyi çoxvektorlu xarici siyasətin
nəticəsidir”.

Deputat bildirib ki, bu siyasətin mühüm cəhətlərindən biri də
Azərbaycanın heç bir güc mərkəzinin əlavəsinə çevrilməməsi, milli
maraqları prioritet hesab etməsi və qlobal proseslərdə müstəqil
aktor kimi çıxış etməsidir:

“Məhz buna görə də Azərbaycan həm Qlobal Cənub ölkələrinin, həm
türk dünyasının, həm İslam coğrafiyasının, həm də fərqli siyasi
sistemlərə malik dövlətlərin etimad göstərdiyi nadir ölkələrdən
biridir. Prezident İlham Əliyevin liderlik modeli klassik
dövlətçilik ənənələri ilə çağdaş geosiyasi düşüncənin sintezidir.
Bu modeldə milli maraqlar, sosial ədalət, humanizm, siyasi realizm
və strateji uzaqgörənlik bir-birini tamamlayır. Məhz buna görə də
bu gün Azərbaycan yalnız qalib dövlət kimi deyil, həm də yeni
beynəlxalq münasibətlər sistemində alternativ inkişaf və əməkdaşlıq
modeli təqdim edən ölkə kimi qəbul olunur.

Tarix göstərir ki, böyük liderlər yalnız öz dövlətlərinin
taleyini dəyişmirlər, yaşadıqları dövrün siyasi fəlsəfəsini də
dəyişirlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın
keçdiyi yol da məhz belə bir tarixi dəyişikliklərin
nümunəsidir”.