
Bakı. Trend:
UNEC ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə
növbəti əmək yarmarkası keçirilib.
Tədbir işaxtaran tələbə və məzunların məşğulluğunun təminatı,
onların əmək bazarına çıxışının dəstəklənməsi, ixtisas və maraq
dairələrinə uyğun vakant iş yerlərinə dair məlumatlandırılması,
işəgötürənlərlə ilkin əlaqələrinin qurulmasına şərait yaradılması
məqsədi daşıyıb.
Əmək yarmarkasının açılışında çıxış edən UNEC-in rektoru,
professor Ədalət Muradov universitetin əsas prioritetlərindən
birinin tələbələrin əmək bazarına hazırlığının gücləndirilməsi
olduğunu bildirib. Rektor qeyd edib ki, UNEC-də təhsil yalnız
nəzəri biliklərlə məhdudlaşmır, tələbələrin praktiki bacarıqlarının
formalaşdırılması, iş dünyasının tələblərinə uyğun kadr kimi
yetişməsi istiqamətində də ardıcıl iş aparılır. O vurğulayıb ki,
karyera yarmarkaları tələbələrin işəgötürənlərlə birbaşa ünsiyyət
qurmasına, real iş mühiti ilə tanış olmasına və gələcək peşə
seçimlərini daha düzgün müəyyən etməsinə geniş imkan yaradır.
Tədbirdə 124 işəgötürən tərəfindən 830-dan çox vakansiya təqdim
edilib.
Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov çıxışında əmək
bazarında rəqəmsallaşma və texnoloji yeniliklərin yeni bacarıqlara
olan tələbi artırdığını bildirib, dövlət, təhsil müəssisələri və
işəgötürənlər arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
H.Abbasov Agentliyin əsas məqsədinin dayanıqlı və keyfiyyətli
məşğulluğun təmin olunması, işçi qüvvəsinin rəqabət qabiliyyətinin
artırılması və əmək bazarının tələblərinə uyğun bacarıqların
inkişaf etdirilməsi olduğunu qeyd edib. Sədr bildirib ki, cari ilin
1 may tarixinədək ölkə üzrə 74 əmək yarmarkası, o cümlədən işğaldan
azad edilmiş ərazilərdə 10 əmək yarmarkası təşkil edilib, bu
yarmarkalarda 643 işəgötürən iştirak edib və 4715 vakansiya təqdim
olunub.
Yarmarkada iştirak edənlər təqdim edilən vakansiyalar və onların
tələbləri ilə maraqlanıblar. İşəgötürənlər isə öz növbəsində
müəssisələrinin fəaliyyət istiqamətləri, əməkdaş seçimində
prioritet kriteriyalar və vakansiyalara qəbul prosesi haqqında
ətraflı məlumat veriblər.
Aktiv məşğulluq tədbirində 124 işəgötürən tərəfindən 830-dan çox
vakansiya təqdim edilib. İştirakçılara bu vakansiyalar üzrə iş
öhdəlikləri barədə ətraflı məlumat verilib, müraciət edən şəxslərin
CV-ləri qəbul edilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.

