Külli miqdarda narkotiki ölkəyə keçirmək istəyən şəxslərin cinayət işi məhkəməyə göndərilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmiş İran
İslam Respublikasının 3 vətəndaşı barəsində başlanmış cinayət işi
üzrə ibtidai istintaq Baş Prokurorluğun İstintaq İdarəsində
tamamlanıb.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, istintaqla Məxtumi
Sadiq Arazqurban oğlu (Makhtoumi Sadegh Arazghorban), Atcani Taher
Halət oğlu (Atjani Taher Halat) və Qanqırme Omid Çalce oğlunun
(Ghanghermeh Omid Chaljeh) satış məqsədilə xüsusilə külli miqdarda
narkotik vasitələri qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə
keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər qabaqcadan
əlbir olan bir qrup şəxs halında 45 kiloqramdan artıq qurudulmuş,
eləcə də 328 kiloqramdan artıq qurudulmamış marixuananı satış
məqsədilə qanunsuz əldə edərək “Layner” tipli mühərrikli qayıq
vasitəsilə Xəzər dənizinin Azərbaycana aid hissəsindən gömrük
sərhədini qaçaqmalçılıq yolu ilə keçiblər.

Daha sonra onlar Xaçmaz rayonunun sahil hissəsinə yaxınlaşarkən
sərhəd orqanı əməkdaşları tərəfindən aşkar olunacaqlarını anlayaraq
narkotik vasitələri dənizə atıblar.




Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində
həmin narkotik vasitələr Xəzər dənizinin Xaçmaz rayonuna aid sahil
hissəsində və dənizin digər ərazilərində aşkar edilərək
götürülüb.

Toplanmış sübutlar əsasında təqsirləndirilən şəxslərə Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan
bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 234.4-1-ci (satış
məqsədilə xüsusilə külli miqdarda narkotik vasitələri qanunsuz əldə
etmə, saxlama və daşıma) və 318.2-ci (qabaqcadan əlbir olan bir
qrup şəxs tərəfindən dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə
ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri
seçilib.

Cinayət işi üzrə ittiham aktı təsdiq olunaraq baxılması üçün
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi göndərilib.