
Bakı. Trend:
Bu il müxtəlif bölgələrdə təxminən 100-dən artıq modul məktəbin
tikintisi nəzərdə tutulur.
Trend xəbər verir ki, bunu Azərbaycanın Elm və təhsil naziri
Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının
103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarəti zamanı
jurnalistlərə açıqlamasında deyib.
“Qəzalı məktəblər, təəssüf ki, az sayda olsa da var. Son 5 il
ərzində Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Fondu və digər
qurumların hesabına ümumilikdə 1000-ə qədər məktəb yenidən ya
tikilib və ya bərpa olunub. Yaxşı xəbər ondan ibarətdir ki, son 20
ildə ölkədə olan 4200-ə qədər məktəbin təxminən 90%-I ya yeni təmir
olunub, ya da yenidən tikilib. Məktəblərimizin böyük qismində bu
mənada vəziyyət yaxşıdır. Bəlli bir qism məktəb var ki, onlarda da
müəyyən bir ardıcıllıqla, alqoritmlə işlər aparılır.
Biz daha çox böyük həcmli məktəbləri təmir etməyə çalışırıq.
Çünki bu məktəblər daha çox uşağın həyatını dəyişir. O cümlədən də
modul məktəblər tikməyə çalışırıq ki, heç olmasa qəzalı məktəblə
müqayisədə modul tipli məktəb irəliyə doğru addımdır. Növbəti
addımda həmin məktəblərin də infrastrukturu yaxşılaşdırıla bilər.
Bu il təxminən 100-dən artıq belə modul məktəbin müxtəlif
bölgələrdə tikintisi nəzərdə tutulur. Bu proses tədricən baş verən
məsələdir. 10-15 il əvvəlki məktəblərin vəziyyəti ilə indikində
dəfələrlə yaxşı mənada fərq var”, – nazir bildirib.

