
Bakı. Trend:
Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini,
COP29-un baş danışıqçısı Yalçın Rəfiyevin rəhbərlik etdiyi
nümayəndə heyəti Türkiyənin Hatay şəhərində keçirilmiş “Türkiyənin
COP31-ə Gedən Yolu: Dayanıqlı Şəhərlər” adlı tədbirdə iştirak edib.
Tədbir çərçivəsində panel müzakirələr, yüksək səviyyəli sessiya və
nazirlərin dəyirmi masa görüşü keçirilib.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, COP31-ə ev sahibliyi
kontekstində təşkil olunan tədbirdə müxtəlif ölkələri təmsil edən
nazirlər, nazir müavinləri və beynəlxalq təşkilatların rəhbərləri
iştirak edib, “dayanıqlı şəhərlər” mövzusu üzrə iqlim dəyişmələrinə
və təbii fəlakətlərə davamlı şəhərsalma məsələləri müzakirə
edilib.
Nazir müavini Yalçın Rəfiyev yüksək səviyyəli sessiyada çıxış
edərək tədbirin 3 il əvvəl dağıdıcı zəlzələyə məruz qalmış, ancaq
Türkiyə hökumətinin səyləri nəticəsində qısa müddətdə bərpa edilmiş
Hatay şəhərində keçirilməsinin xüsusi mənəvi əhəmiyyət daşıdığını
vurğulayaraq bu nümunəvi təcrübənin müasir, iqlim dəyişmələrinə və
təbii fəlakətlərə davamlı şəhərsalma modelinin praktik tətbiqini
nümayiş etdirdiyini bildirib.
Həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində BMT-nin
Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq yaşıl, təhlükəsiz və
dayanıqlı şəhərlərin inşa edildiyinə diqqət çəkərək 2026-cı ilin
Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunduğu qeyd
edilib.
Y.Rəfiyev 17-22 may tarixlərində Bakı şəhərində keçiriləcək
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13)
qlobal şəhərsalma gündəliyinə mühüm töhfə verəcəyini bildirib və
COP31 və WUF prosesləri arasında əlaqələndirilmiş yanaşmanın
vacibliyini vurğulayaraq Azərbaycanın bu istiqamətdə Türkiyənin
COP31 sədrliyi ilə yaxından çalışmağa hazır olduğunu qeyd edib.
Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurumun
sədrlik etdiyi nazirlərin dəyirmi masasında çıxış edən Y.Rəfiyev
tədbirin sonunda qəbul edilən Hatay Bəyannaməsinə dəstək ifadə
edərək, həmin Bəyannamədə ifadə edilmiş fikirlərin həm WUF13, həm
də COP31 çərçivəsində beynəlxalq iqlim siyasətlərinə və dayanıqlı
şəhərsalma gündəliyinə mühüm töhfə verməsini hədəflədiyini
bildirib.


