
Bakı. Trend:
May ayının 10-da xalqımızın Ümummilli Lideri, müasir
Azərbaycan dövlətinin banisi Heydər Əliyevin anadan olmasının
103-cü ili tamam olur. Bu əlamətdar gündə hər birimiz bir daha Ulu
Öndəri böyük minnətdarlıqla anır, əziz xatirəsi önündə baş əyirik.
Hər il bu tarixdə ölkəmizin hər yerində keçirilən tədbirlərdə
Heydər Əliyevin xalq və dövlət qarşısında misilsiz xidmətləri,
Azərbaycanın yüksəlişi naminə həyata keçirdiyi missiya dərin
ehtiram və böyük minnətdarlıq hissi ilə xatırlanır.
Azərbaycanın yeni tarixinin 34 ildən artıq bir dövrü Heydər
Əliyevin adı ilə bağlıdır. Ulu Öndər respublikamıza iki dəfə – həm
sovetlər dövründə, həm də Azərbaycanın müstəqilliyi illərində
rəhbərlik edib. Və hər iki rəhbərliyi dövründə Ulu Öndər
Azərbaycanı çətinliklərdən xilas edib, yüksəliş və intibah yoluna
çıxarıb.
Zəngin iqtisadi potensialına və enerji resurslarına baxmayaraq
Azərbaycan ötən əsrin 60-cı illərinə qədər bütün sahələrdə keçmiş
İttifaqın ən geridə qalmış respublikalarından biri olub. Yalnız
Heydər Əliyevin 1969-cu ilin iyul ayında Azərbaycana rəhbərlik
etməyə başlamasından sonra respublikanın sosial-iqtisadi həyatında
köklü dəyişikliklər baş verib, Azərbaycan ittifaq miqyasında
qabaqcıl respublikalar sırasına yüksəlib. Yeni zavod və fabriklərin
istifadəyə verilməsi, xüsusilə neft maşınqayırması, kimya,
energetika və elektrotexnika sahələrinin inkişaf etdirilməsi
Azərbaycanı aqrar respublikadan sənaye respublikasına
çevirmişdi.
Heydər Əliyevin sovet dövründəki fəaliyyətində milli kadr
hazırlığı da xüsusi yer tutub. Ulu Öndərin təşəbbüsü ilə minlərlə
azərbaycanlı gəncin keçmiş İttifaqın nüfuzlu ali məktəblərində
təhsil almağa göndərilməsi respublikamızın milli kadr potensialının
möhkəmlənməsinə, mühüm vəzifələrdə azərbaycanlıların sayının
çoxalmasına böyük töhfələr verib.
Heydər Əliyev xalqımızın milli-mənəvi dəyərlərinə bağlı bir
şəxsiyyət idi. Təsadüfi deyil ki, sovet dövlətinin sərt ideoloji
siyasətinə baxmayaraq Ulu Öndər sovetlər dövründə xalqımızın
milli-mənəvi dəyərlərinin yaşadılması, tariximizin tədqiq edilərək
öyrənilməsi və gələcək nəsillərə çatdırılması üçün bütün imkanları
cəsarətlə səfərbər etmişdi. O dövrdə Azərbaycanın dövlətçilik
tarixinə dair kitabların, əsərlərin yazılması, bu əsərləri yazan
şair və yazıçıların sovet repressiyasından qorunması sıradan
hadisələr deyildi. Bunlar Heydər Əliyevin cəsarətinin və milli
amallara bağlılığının nəticəsi idi.
Xüsusilə qeyd etməliyik ki, Heydər Əliyev sovet illərində həm
Azərbaycana rəhbərlik edən zaman, həm də Moskvada çalışarkən
Ermənistanın əsassız ərazi iddialarının qarşısını qətiyyətlə
almışdı. Ermənilərin Qarabağın Ermənistana birləşdirilməsi ilə
bağlı Moskvaya ünvanladıqları müraciətlər məhz Heydər Əliyevin
sayəsində nəticəsiz qalmışdı. Təəssüflə qeyd edilməlidir ki, Ulu
Öndərin bu qətiyyətli siyasətini sonrakı illərdə respublikamıza
rəhbərlik edənlər davam etdirə bilmədilər və Azərbaycan erməni
separatizmi və ədalətsiz müharibə ilə üzləşməli oldu.
Müstəqilliyimizin ilk illərində respublikamızda yaranmış dərin
böhran zamanı xalqımızın Heydər Əliyevə üz tutması təsadüfi
deyildi. Çünki dahi şəxsiyyət qeyd etdiyimiz kimi hələ sovet
illərində Azərbaycanın yüksəlişini təmin etmişdi. Eyni zamanda, Ulu
Öndər 1990-1993-cü illərdə Naxçıvandakı siyasi fəaliyyəti zamanı
respublikamızda gedən müstəqillik mübarizəsinə layiqli töhfələr
vermiş, Muxtar Respublikanı Ermənistan tərəfindən işğal olunmaq
təhlükəsindən xilas etmişdi. Buna görə müstəqilliyimizin ilk
illərində yaranmış dərin siyasi və hərbi böhran zamanı xalqımız
xilas yolunu öz sınanmış oğlunun siyasi hakimiyyətə dönüşündə
görürdü. 1992-ci ilin noyabrında Heydər Əliyevin rəhbərliyi ilə
Yeni Azərbaycan Partiyasının yaradılması da Ulu Öndərə olan
ümumxalq inamının təzahürü idi.
1993-cü ilin iyununda xalqımızın təkidli istək və arzusu ilə
respublikanın siyasi rəhbərliyinə qayıdan Heydər Əliyev Azərbaycan
dövləti və xalqı qarşısında özünün növbəti tarixi missiyasını
layiqincə yerinə yetirdi. 1993-cü ilin iyunun 15-də Azərbaycan Ali
Sovetinin Sədri, həmin ilin oktyabrın 3-də Azərbaycan Prezidenti
seçilən Ulu Öndər Heydər Əliyev özünün siyasi dühası və qətiyyəti
ilə müstəqilliyimizi qorudu, Azərbaycanı parçalanma təhlükəsindən
xilas etdi. Bununla da Heydər Əliyev anti-Azərbaycan dairələrin
respublikamızla bağlı bütün planlarını iflasa uğratdı. Ulu Öndər
həmin illərdə Azərbaycanı xilas etməklə heç bir siyasətçinin və
dövlət adamının həyata keçirə bilməyəcəyi bir vəzifəni uğurla
yerinə yetirdi. Bu baxımdan müstəqilliyimizin ilk illərində
respublikamızda baş verənlərin fonunda bir daha Heydər Əliyev
şəxsiyyətinin böyüklüyünü, bu dahi insanın qətiyyətini görürük.
Öz əməlləri ilə xalqımızın Ümummilli Liderinə çevrilən Heydər
Əliyev müasir Azərbaycan dövlətçiliyinin əsaslarını yaratdı,
mütərəqqi və hüquqi dövlət quruculuğunu həyata keçirdi. Ulu Öndərin
reallaşdırdığı iqtisadi və aqrar islahatlar tənəzzülə son qoyaraq
Azərbaycanı dayanıqlı və davamlı inkişaf yoluna çıxardı. «Əsrin
müqaviləsi»nin imzalanması isə ölkəmizin uzunmüddətli inkişaf
strategiyasını müəyyənləşdirərək Azərbaycanın iqtisadi yüksəlişinə
güclü təkan verdi. Bütün bunları təmin edən Ulu Öndər həm də
Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirdi, dünya
birliyinin ehtiram göstərilən subyektinə çevirdi.
Ulu Öndərin ən böyük arzusu Azərbaycanın daha da inkişaf etməsi,
torpaqlarımızın işğaldan azad edilməsi və məcburi köçkünlərin doğma
yurdlarına qayıtması idi. Heydər Əliyevin layiqli siyasi varisi
olan cənab İlham Əliyevin bütün bunları həyata keçirəcəyinə
inanırdı dahi şəxsiyyət və bu inam onun 2003-cü ilin prezident
seçkilərindən əvvəl Azərbaycan xalqına etdiyi müraciətdə də öz
əksini tapıb.
«Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn
prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim,
Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi
dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli,
müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və
təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham
Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın
ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan
dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər
görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü
məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham
Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və
gələcəyinə böyük ümidlər bəsləyirəm» -deyə Heydər Əliyev
müraciətində bildirmişdi.
Cənab Prezident İlham Əliyev Heydər Əliyevin layiqli siyasi
davamçısı kimi həyata keçirdiyi müdrik siyasətlə həm də Ulu Öndərin
arzularını reallığa çevirib. Ötən illər ərzində sürətli inkişaf
yolu keçən Azərbaycan öz tarixinin ən qüdrətli dövlətinə çevrilib.
Bütün dünya Azərbaycanı Cənubi Qafqazın aparıcı və lider dövləti
kimi qəbul edir. Azərbaycan həm də ABŞ, Çin, Avropa İttifaqı kimi
aparıcı siyasi mərkəzlərin strateji tərəfdaşıdır. Avropanın enerji
təhlükəsizliyi hazırda böyük ölçüdə Azərbaycandan asılıdır.
Ulu Öndər torpaqlarımızı azad görmək istəyirdi. 2020-ci ilin
Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasını təmin
edən, 2023-cü ilin sentyabrında isə Qarabağda erməni
separatçılığına son qoyan Müzəffər Ali Komandan İlham Əliyev
bununla Heydər Əliyevin ən böyük arzusunu reallığa çevirdi. Vaxtilə
işğal nəticəsində Qarabağ və Şərqi Zəngəzurdan məcburi köçkün
düşmüş soydaşlarımız isə mərhələli şəkildə doğma yurdlarına
qayıdırlar və azad olunmuş bütün ərazilərimizdə həyat yenidən
başlanır.
Heydər Əliyev Azərbaycanı zirvələrdə görmək istəyirdi. Cənab
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yüksəlişi və qazandığımız
nailiyyətlər Ulu Öndərimizin bütün arzularının real həyata vəsiqə
almasının parlaq ifadəsidir. Qalib və qüdrətli Azərbaycan Heydər
Əliyev ideyalarının təntənəsidir. Dövlətimizin hər bir uğuru həm də
onu təsdiq edir ki, Heydər Əliyevin siyasi irsi, ideyaları və
müəyyən etdiyi inkişaf yolu Azərbaycanın bu gününün və gələcəyinin
yeganə istinadgahıdır.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı

