“Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda Beynəlxalq Gənclər Forumunun iştirakçıları “ASAN xidmət” və “DOST xidmət” mərkəzlərinin fəaliyyəti ilə tanış olublar.
“Report” xəbər verir ki, Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən təşkil edilən forum öz işini mayın 1-də davam etdirəcək.
Proqram çərçivəsində iştirakçılara bu mərkəzlərin fəaliyyət prinsipləri, dövlət xidmətlərinin keyfiyyətinin artırılmasında onların rolu, həmçinin innovativ və vətəndaşyönümlü yanaşmaların tətbiqi barədə ətraflı məlumat verilib. Qonaqlar “ASAN xidmət” və “DOST xidmət”in uzun illər ərzində Azərbaycan əhalisinə səmərəli xidmət göstərərək, əlçatan, şəffaf və operativ xidmətlə təmin etməsi haqqında məlumatlandırılıblar.
Bu gün forum iştirakçıları ADA Universitetində olublar, onlar Milli Məclisə də gedəcəklər.
Forumda 17 ölkənin nümayəndələri iştirak edir. İlk dəfə olaraq tədbirə gənc diplomatlar, tədqiqatçılar, beynəlxalq hüquq sahəsində mütəxəssislər, səhiyyə sahəsində ekspertlər, müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri, həmçinin universitet tələbələri qatılıb. İştirakçılar arasında həm mövcud, həm də keçmiş müstəmləkələrdən olan nümayəndələr var ki, bu da müzakirələri xüsusilə aktual edir.
Forumun yekunu üzrə ədalətli və inklüziv postkolonial dünya nizamının formalaşmasında gənclərin rolunun gücləndirilməsinə dair təkliflərin hazırlanması planlaşdırılır.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin

