Ədliyyə Akademiyasının prorektoru MSK-nın üzvü oldu – Dosye

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Milli Məclisin aprelin
27-də keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının yeni
tərkibi formalaşıb.

Trend xəbər
verir ki, yeni seçilən üzvlərdən biri də Xələfov Elçin Abuzər
oğludur.

O, Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan
deputatların (bitərəflərin) namizədi kimi çıxış edib.

Elçin Xələfovun dosyesini təqdim edirik:

Elçin Xələfov 1972-ci ildə Bakı şəhərində ziyalı ailəsində
anadan olub.




1994-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini
fərqlənmə diplomu ilə bitirdikdən sonra kommersiya bankında
hüquqşünas, aparıcı hüquqşünas işləyib.

1994-1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və
Hüquq İnstitutunun əyani aspiranturasında təhsil alıb və
“Azərbaycan Respublikasında bank fəaliyyətinin dövlət tərəfindən
tənzimlənməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Fəlsəfə doktoru, dosentdir.

1997-2012-ci illərdə Bakı Dövlət Universitetinin Mülki proses,
əmək və ekologiya hüququ, Mülki hüquq kafedralarında müəllim, baş
müəllim, dosent vəzifələrində işləyib. 2012-ci ildən BDU-nun Mülki
proses və kommersiya hüququ kafedrasında çalışır.

2003-2004-cü illərdə Ədliyyə Nazirliyi yanında Hüquq-Tədris
Mərkəzinin Mülki hüquq və mülki proses kafedrasında baş müəllim,
2004-2005-ci illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik baş
idarəsində baş məsləhətçi, 2005-2013-cü illərdə Məhkəmə-Hüquq
Şurasının Aparatında böyük məsləhətçi vəzifələrində çalışıb.
2013-cü ilin fevral ayından indiyədək Ədliyyə Nazirliyinin Ədliyyə
Akademiyasının prorektorudur. 70-dən çox elmi məqalənin və əsərin
müəllifidir.

Ailəlidir, üç övladı var.